İDMAN
“Bakı-2017”: Voleybol yarışının üçüncü günündə kişi və qadın idmançılarımız qələbə qazanıblar
Bakı, 13 may, P.Rəhimova, A.İsmayılova, AZƏRTAC
Mayın 13-də IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışı çərçivəsində üç oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün birinci oyununda kişilərin yarışında “A” qrupunda yer alan Türkmənistan millisi ilə görüşə çıxmadığına görə Fələstin yığma komandasına texniki məğlubiyyət (3:0) verilib. Bununla da Türkmənistan IV İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini təmin edib.
Qadınların yarışının “A” qrupunda yer alan Azərbaycan millisi isə Tacikistan yığmasını çətinlik çəkmədən məğlubiyyətə uğradıb – 3:0 (25:9, 25:7, 25:10).
Günün sonuncu qarşılaşmasında isə Azərbaycanın və Türkiyənin kişi atletləri qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Azərbaycan millisi rəqibin müqavimətini çətinlikdə də olsa qıra bilib – 3:2 (28:26, 13:25, 25:17, 19:25 və 18:16).