BAKI BEYNƏLXALQ SƏRMAYƏ QOYULUŞU ÜÇÜN ƏN ƏLVERİŞLİ ŞƏHƏRLƏRDƏN BİRİDİR
“FDİ Magazine” jurnalının redaktoru Kortni Fingerin də daxil olduğu nüfuzlu münsiflər heyəti ən yaxşı şəhər və regionları 28 müxtəlif meyar üzrə 7 nominasiyada (birbaşa xarici sərmayələrə yardım, iqtisadi potensial, xərclərin səmərəliliyi, insan resursları, informasiya texnologiyaları və kommunikasiyaları, nəqliyyat və həyatın keyfiyyəti) arasından qalibləri müəyyən etmişdir. Ən yaxşı şəhər və regionlar birinci yerə görə 3 xal, ikinci yerə görə 2 xal, üçüncü yerə görə 1 xal qazanmışlar.
Bakı “Şərqi Avropa-Qərbi MDB” coğrafi məkanında biznesin inkişafı üçün potensial imkanlar baxımından birinci olmuşdur. Münsiflər heyəti qiymətləndirmə zamanı son zamanlar Bakıya birbaşa sərmayə qoyuluşunun yüksək olması faktını nəzərə almışlar. Bu nominasiyada ikinci yeri Ukraynanın Rovno şəhəri tutmuşdur.
Jurnalın şərhində deyilir ki, 2005-ci ildə Bakıda ümumi daxili məhsulun həcmi 12,6 milyard dollardan çox olmuşdur. Bakı MDB-nin qərb hissəsinin ölkələri üçün mühüm iqtisadi şəhərə çevrilir. Azərbaycan hökumətinin hesablamalarına görə, 2005-ci ildə şəhər iqtisadiyyatına ümumən 4 milyard avrodan çox xarici sərmayə qoyulmuşdur. İnformasiya texnologiyalarının və kommunikasiyaların səviyyəsi Avropa standartlarına yaxınlaşır. Bakının hər 4 sakinindən birinin internet şəbəkəsindən istifadə etmək imkanı vardır. Şəhərdə “Polo”, “Benetton” və sair kimi dünya şöhrətli firmaların mağazaları açılmışdır. Bu mükafat Bakının böyük potensiala malik rəqabətqabiliyyətli şəhərə çevrilməsinə aşkar işarədir.
“FDİ Magazine”nin müsabiqəsi üç mərhələdə keçirilir. Birinci mərhələnin qalibləri Şimali Avropa, Şərqi Avropa, Qərbi Avropa, Mərkəzi Avropa və Cənubi Avropa coğrafi kateqoriyalarında yarışmaq imkanı əldə edirlər. Nəhayət, Avropanın ən yaxşı ölkə və regionları “FDİ Magazine” jurnalının ən yüksək mükafatı – “Gələcəyin Avropa şəhər və regionu (2006/07)” adı uğrunda mübarizə aparacaqlar. Ayrı-ayrı nominasiyaların qalibləri də mükafatlandırılacaqdır.
“FDİ Magazine” jurnalı nəşr edildiyi 5 il ərzində dünyanın müxtəlif ölkələrində birbaşa sərmayələr haqqında yeganə mötəbər məlumat mənbəyi kimi tanınmışdır. Jurnalda xarici sərmayələrlə bağlı tədqiqatların nəticələri, aparıcı korporasiyaların rəhbərləri və hökumət başçıları ilə müsahibələr dərc edilir, sərmayə imkanları və risklər barədə məlumatlar verilir. 15 min nüsxə tirajla nəşr olunan jurnal dünyanın müxtəlif korporasiyalarını istənilən ölkədə sərmayə imkanları və risklər barədə operativ və mötəbər informasiya ilə təmin edir.