BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ MƏZUN GÜNÜ KEÇİRİLMİŞDİR
Tədbirdə tanınmış alimlər və təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov ümummilli liderimiz Heydər Əliyevin BDU-nu bitirdiyini qürur hissi ilə diqqətə çatdıraraq, bu ali məktəbdə təhsil almağın çox şərəfli olduğunu bildirmişdir.
Cari tədris ilində universiteti 4115 bakalavr və magistrin bitirdiyini, onlardan 900 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü vurğulayan A.Məhərrəmov, məzunları təbrik edərək, onların xalqımıza, dövlətçiliyimizə layiqincə xidmət edəcəklərinə əmin olduğunu söyləmişdir.
Təhsil nazirinin müavini Elmar Qasımov və digər natiqlər də məzunlara uğurlar arzulamışlar.
Təhsildə yüksək nəticələr əldə etmiş məzunlara diplomlar təqdim olunmuşdur.
Çıxış edən məzunlar onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra tələbələr və incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iştirak etmişdir.