Bakı Dövlət Universitetində nüvə tədqiqatlarına dair əməkdaşlıq sazişi imzalanıb
Bakı, 3 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Qazaxıstanın Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və BDU arasında nüvə tədqiqatlarına dair çoxtərəfli beynəlxalq əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə bu ali məktəbin rektoru Elçin Babayev ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən, universitetin beynəlxalq əlaqələrindən bəhs edib. Rektor Bakı Dövlət Universitetinin yeni inkişaf strategiyasından, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi sahəsində görüləcək işlərdən danışaraq birgə əməkdaşlığın bu istiqamətdə faydalı olacağını vurğulayıb.
Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev öz ölkəsi ilə Azərbaycan arasında elmi əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib. O, imzalanan sazişin əsas istiqamətlərindən birinin də nüvə tədqiqatları sahəsində gələcək çağırışlara və real inkişafa cavab verən elmi potensialın istehsalata inteqrasiyasına nail olmaq olduğunu qeyd edib.
Elmi-texniki əməkdaşlığın əhəmiyyətini vurğulayan AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov müasir elmin çağırışlarını və hazırda bir çox elmi istiqamətlərin multidisiplinar xarakter daşıdığını nəzərə alaraq, sazişin elmin, yeni texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və tərəflər arasında müxtəlif sahələr üzrə əlaqələrin gücləndirilməsi məsələlərinə müsbət təsir edəcəyini deyib.
Qazaxıstanın Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutunun baş direktoru Erqazi Kenjin ölkələrimiz arasında qarşılıqlı elmi əməkdaşlığın perspektivlərindən söz açaraq əməkdaşlıq sazişinin xüsusi əhəmiyyət kəsb etdiyini, müştərək elmi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev birgə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, sazişin tərəflər arasındakı elmi əlaqələri daha da dərinləşdirəcəyinə əminliyini ifadə edib.
Sonra nüvə tədqiqatlarına dair çoxtərəfli beynəlxalq əməkdaşlıq sazişi imzalanıb.
Saziş qarşılıqlı əməkdaşlıq şəraitində tərəflərin elmi-texniki və tədris əlaqələrinin genişləndirilməsi, müştərək innovativ tədqiqat layihələrinin işlənib hazırlanması, birgə konfrans, seminar və simpoziumların, elmi-tədqiqat işlərinin və qrant layihələrin həyata keçirilməsi məqsədi daşıyır.