Bakı Dövlət Universitetində “Vikipediya” qrupu yaradılıb
Bakı, 5 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Vikipediya” qrupu yaradılıb. BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak ediblər. Təlimlərin keçirilməsində əsas məqsəd tələbə-könüllülərin “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində səhifələrin yaradılmasında və redaktə olunmasında iştirakını təmin etməkdir. “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Azərbaycanın maddi-mədəni abidələri, tarixi, coğrafiyası, ədəbiyyatı, jurnalistikası kimi mövzular ətrafında məqalələr yaradılması və bu sahədəki boşluqların aradan qaldırılmasında fəaliyyət göstərəcəklər.
Təlimlər 2018-ci ildə Mərkəzi Elmi Kitabxana, BDU-nun elmi kitabxanası və Jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında memorandum çərçivəsində təşkil olunub. Memorandumda tərəflər arasında informasiya və sənəd mübadiləsinin aparılması, müəssisələrin elmi vəsait bazalarının zənginləşdirilməsi və gələcəkdə birgə layihələrin təşkili məsələləri nəzərdə tutulub. 2019-cu ildə BDU-nun Jurnalistika fakültəsinin tələbələri Mərkəzi Elmi Kitabxananın “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak edərək bu günə qədər 30-dan çox yeni məqalə yaradıblar.