Bakı Dövlət Universitetinin Elmi Kitabxanası onlayn xidmətlərini təqdim edir
Bakı, 25 iyun, AZƏRTAC
COVID-19 pandemiyası səbəbindən ölkədə elan edilmiş karantin qaydalarını nəzərə alaraq Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti və tələbələri Elmi Kitabxananın onlayn xidmətlərindən - biblioqrafik arayışlar, dərslik və dərs vəsaitlərinin tammətnli elektron məlumat bazaları, elektron kitablar, elektron jurnallar, beynəlxalq məlumat bazaları və digər elektron resurslarından yararlana bilərlər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Elmi Kitabxana elektron kitabxana bölməsi vasitəsilə internet üzərindən 3700-dən çox dərslik və dərs vəsaitinin tam mətnini, 1300-dən çox bədii ədəbiyyat, o cümlədən folklor, müasir və klassik Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı nümunələrinin elektron variantını və tammətnli məlumat bazaları rubrikası ilə EBSCO elektron nəşriyyatının iyunun 15-dən sentyabrın 15-dək açıq girişi olan müxtəlif elm sahələri üzrə məlumat bazalarını (www.doabooks.org - 225 nəşriyyatdan 8872 adda peer-reviewed kitabları, www.doaj.org - 122 ölkədən 10082 adda jurnalı, ümumilikdə 23.402 nüsxə jurnalı) öz oxucularının istifadəsinə təqdim edir.
Qeyd edək ki, sosial izolyasiya dövründə BDU-dan kənar EBSCO elektron məlumat bazasından istifadə https://search.ebscohost.com (Username: bsu2020, Password: sub0022!) saytı vasitəsilə açıqdır.