Bakı Limanında gənc rəssamların iştirakı ilə yaşıllaşdırma aksiyası keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Limanında gənc rəssamların iştirakı ilə üzərində Dayanıqlı İnkişaf Məqsədləri simvollarının əks olunduğu barellərə ağaclar əkilib.
AZƏRTAC xəbər verir ki, əsas məqsədi ətraf mühiti qorumaqla Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını təşviq etmək olan layihə çərçivəsində, Bakı Limanının əməkdaşları, barellərin üzərindəki sənət əsərlərinin müəllifləri ağacəkmə kampaniyasında iştirak ediblər. Tədbir çərçivəsində iştirakçılara Bakı Limanının fəaliyyəti ilə bağlı geniş məlumat verilib, qonaqlar terminallara da səfər edərək burada aparılan əməliyyatlarla tanış olublar.
Qeyd edək ki, Bakı Limanı Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün 2022-ci ilin dekabr ayında BMT-nin Qlobal Sazişinə qoşulub. Regionun ilk Yaşıl Limanı olan Bakı Limanı, öz əməliyyat prinsiplərini DİM prinsiplərinə uyğunlaşdırmağa, eləcə də regional təchizat zəncirinin inkişaf etdirilməsi üçün dayanıqlı mexanizmlər yaratmaqla qlobal davamlı inkişaf strategiyasına töhfə verməyə çalışır.