“Bakı Metropoliteni”nin əməkdaşları yanğın təhlükəsizliyi barədə məlumatlandırılıblar
Bakı, 23 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “Bakı Metropoliteni” QSC-də “Bakı Metropoliteni”ndə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-nin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə metropolitenin departament, xidmət və sahələrinin yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri və baş mühəndisləri iştirak ediblər.
Tədbirdə DYNX əməkdaşları tərəfindən metropolitendə yanğın təhlükəsizliyinə dair tələblər və yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, elektrik təsərrüfatında yanğın törədə biləcək səbəblərin aradan qaldırılması üçün metropolitenin yerüstü və yeraltı obyektlərinin və inzibati binalarının elektrik şəbəkələri, elektrik qurğuları, cihaz və avadanlıqlarının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab verməsinə dair tələblər aidiyyəti şəxslərin nəzərinə çatdırılıb.
Tədbirdə metropoliten ərazisində baş verə biləcək fövqəladə hallar zamanı atılacaq zəruri addımlar, o cümlədən yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani izah edilib, suallar cavablandırılıb.