BAKI METROPOLİTENİNİN “NƏSİMİ” STANSİYASI AVQUSTUN SONUNDA İSTİSMARA VERİLƏCƏKDİR
Bakı Metropoliteninin inkişaf proqramına uyğun olaraq, paytaxtın Binəqədi rayonu ərazisindəki yeni metro stansiyalarının tikintisi uğurla davam etdirilir.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov AZƏRTAC-a bildirmişdir ki, “Nəsimi” stansiyasının tikintisi artıq yekunlaşmaq üzrədir. Dövlət büdcəsindən ayrılan vəsaitin vaxtında metropolitenə verilməsi tikintinin cədvələ uyğun aparılmasına imkan yaratmışdır. Bunun nəticəsində rayon ərazisində inşa olunan 3 metro stansiyasından biri - 9-cu və 6-cı mikrorayonları əhatə edəcək “Nəsimi” stansiyası avqustun sonunda istismara veriləcəkdir.
T.Əhmədov demişdir ki, artıq platforma və yollar hazırdır. Eskalatorlar və kassa zallarında avadanlıq quraşdırılmışdır. Stansiyada son tamamlama işlərinin sürətlə aparılması göstərir ki, obyekt avqustun 30-dək təhvil veriləcəkdir. Bundan sonra 15 gün müddətində müəyyən işlər görüləcək, sınaqlar keçiriləcəkdir. Sentyabrın 15-də stansiyada qatarlar qapılarını sərnişinlərin üzünə açacaqdır.
“Memar Əcəmi” stansiyasının davamı olacaq yeni stansiyayadək məsafə 2.660 metrdir. Stansiyanın milli ornamentlərlə bəzədilməsi, tavanda və döşəmədə səkkizguşəli ulduzların quraşdırılması işləri də tamamlanmaq üzrədir. Stansiyadakı pannolarda məşhur Azərbaycan şairi Nəsiminin əsərlərinin motivləri əks olunacaqdır.
Metropolitenin rəisi bildirmişdir ki, avqustun 1-dək Bakı Metropoliteninə 10 yeni vaqon gətiriləcəkdir. İlin sonunadək isə xətlərə 36 yeni vaqon buraxılacaqdır.