BAKI QƏRBİ MDB-DƏ GƏLƏCƏYİN İNVESTİSİYAŞƏHƏRİ ELAN EDİLMİŞDİR
Bakının inkişaf meyli və sürəti, infrastrukturu barədə məlumatları müsabiqəyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu təqdim etmişdi.
“fDi magazine” jurnalının redaktor heyəti, beynəlxalq məsləhətçilər və tanınmış böyük şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti Avropada gələcəyin şəhərlərini müəyyənləşdirmək üçün faktları araşdırmışdır. Uzun və çətin qiymətləndirmə prosesindən sonra Bakıya “Gələcəyin investisiya şəhəri 2006-2007: Qərbi MDB” nominasiyasında birinci yer verilmişdir.
“Gələcəyin investisiya şəhəri 2006-2007: Qərbi MDB” sertifikatı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidova “fDi magazine” tərəfindən martın 16-da Kann şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaqdır.
Jurnalın müsabiqənin birinci mərhələsinin nəticələrinin dərc olunduğu fevral-mart nömrəsində Bakının birbaşa xarici investisiyalar cəlb etmək sahəsində uğurları qeyd olunmuşdur.
Bakının namizədliyi ikinci mərhələdə Şərqi Avropa üzrə, üçüncü mərhələdə isə Avropanın qalib şəhərləri arasında yeddi kateqoriya üzrə müsabiqəyə vəsiqə qazanmışdır.
Fondun prezidenti Emil Məcidovun sözlərinə görə, Şərqi Avropa üzrə nəticələr dünya sərmayədarlarını daha çox maraqlandırır və biz Bakı üçün “Gələcəyin investisiya şəhəri 2006-7: Şərqi Avropa” mükafatını da almağa iddialıyıq. İkinci mərhələdə Bakı birinci dövrədə Budapeşti üstələmiş Çexiyanın Brno şəhəri və Baltik ölkələri arasında qalib seçilmiş Latviyanın Vilnüs şəhəri ilə yarışacaqdır.
İkinci mərhələnin nəticələrinə görə, Şimali Avropa, Şərqi Avropa, Qərbi Avropa, Mərkəzi Avropa və Cənubi Avropa regionlarının hər birinin qalibi elan ediləcəkdir.
Üçüncü mərhələdə isə Avropanın “Gələcəyin investisiyalar şəhəri 2006-2007” və aşağıdakı kateqoriyalar üzrə ən yaxşı məkanlar müəyyənləşdiriləcək: Ən böyük iqtisadı potensial; Ən sərfəli qiymət; Ən zəngin insan resursları; Ən yaxşı nəqliyyat sistemi; Ən yaxşı informasiya texnologiyaları və telekommunikasiya infrastrukturu; Həyat keyfiyyəti; Ən yaxşı investisiya təşviqi strategiyası.
İkinci və üçüncü mərhələlərin nəticələri Kann şəhərində elan ediləcək və “fDi magazine”in aprel-may nömrəsində dərc olunacaqdır.