Bakıda Basketbol turnirinin qalibi müəyyənləşib
Bakı, 23 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən basketbol turnirinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirin həlledici görüşündə Şəki-Zaqatala ilə Gəncə-Şəmkir komandaları üz-üzə gəlib. Görüş 74:51 hesabı ilə başa çatıb. Üçüncü yer uğrunda qarşılaşmada isə Cəlilabad komandası Bakını 65:56 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçısı olub.
Bu turnir Azərbaycan Basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Bakıdan kənarda yaşayan 250 gəncin faydalanmasında böyük rol oynayan 12 regional basketbol liqasını inkişaf etdirmək üçün səfirliyin təşkil etdiyi davamlı proqramın bir hissəsidir.
Xatırladaq ki, 2017-ci ilin avqust ayında Azərbaycanın 12 bölgəsindən 14 basketbol məşqçisi ABŞ Dövlət Departamentinin İdman Diplomatiyası Proqramı tərəfindən dəstəklənən basketbol idmanı elçiləri proqramı çərçivəsində iki həftəlik Amerikaya səfər edib. ABŞ-da olduqları müddət ərzində məşqçilər uşaqlara öz vaxtlarını əyləncəli keçirtməkdə köməklik göstərmək, gənclərin ekstremizmə qarşı mübarizəsi, qadınların səlahiyyətlərini gücləndirilməsi, münaqişələrin qarşısının alınması, sosial inteqrasiyanın inkişaf etdirilməsi və bu kimi cəmiyyətin üzləşdiyi müxtəlif məsələlərinin həll etməsi üçün idmandan səmərəli bir vasitə olaraq istifadə edildiyi haqqında daha ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycan səfirliyi Amerika basketbol idman elçiləri Kreyq Eşerik və xanım Çini Nvaqbonun Azərbaycana səfərini maliyyələşdirib.
Azərbaycanda olduqları müddətdə amerikalı məşqçilər bədən tərbiyəsi müəllimləri üçün Gəncədə uğurlu karyeraya aparan liderlik bacarıqlarına idmanın necə kömək etməsi haqqında seminar keçiblər. Onlar, eləcə də 40-50 gənc və onların məşqçiləri üçün Göygöl Olimpiya Stadionunda oyun təşkil ediblər.
Nümayəndələr həmçinin iyunun 21-23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 110 gəncin iştirakı ilə 3 günlük Gənclərin Həmrəylik Basketbol Turnirinə qatılıblar. Yarışların keçirildiyi müddət ərzində məşqçilər gənc iştirakçılarla liderliyin vacibliyi, müxtəlifliyə hörmət haqqında söhbət edib, onlara öz basketbol bacarıqlarının inkişaf etdirmələrinə dair köməklik göstəriblər.
Çini Nvaqbo və professor Eşerik həm öz həyatlarını, həm də karyeralarını basketbola və məşqçiliyə həsr ediblər.
Çini Nvaqbo basketbol karyerasını Merilend ştatının Lenhem bölgəsində yerləşən Duval orta məktəbində başlayıb və sonra öz karyerasını Biologiya üzrə bakalavr təhsili aldığı Sirakuz Universitetində davam etdirib. Sirakuz Universitetindən məzun olduqdan sonrakı 11 il ərzində xanım Çini İspaniya, Çili, Braziliya, Polşa, Portuqaliya və İsrail kimi müxtəlif ölkələrdə basketbolla məşğul olub. O, 4 dəfə “Ən Dəyərli Oyunçu” adını qazanmaqla yanaşı, 2006-cı il Dünya Çempionatında iştirak edərək valideyninin doğma ölkəsi olan Nigeriyanı təmsil edib. Bu yaxınlarda xanım Nvaqbo Milli Basketbol Assosiasiyası (MBA) ilə birlikdə Çində, MBA-ın əsaslı basketbol proqramını daha yaxşı inkişaf etdirməklə məşğul olub. Bir məşqçi və təlimçi olaraq xanım Nvaqbo, yeni başlayanlardan yüksək səviyyəli mütəxəssislərə qədər çoxlu sayda idmançıya təlim keçib.
Professor Kreyq Eşerik, Georgetovn Universitetində maliyyə üzrə bakalavr təhsili aldığı müddət ərzində basketbolla məşğul olub. O, Georgetovn Universitetinin Hüquq Mərkəzində iki il müddətində basketbol məşqçisinin köməkçisi işləyib. Hüquq fakültəsindən məzun olduqdan sonra professor Eşerik, kişi basketbol komandası üçün Georgetovn universitetində tam ştatlı köməkçi məşqçi olaraq 17 il fəaliyyətini davam etdirdikdən sonra o, 1988-ci ildə Seul Olimpiadasında bürünc medal qazanan ABŞ-ın Olimpiya komandasının basketbol məşqçisinin köməkçisi kimi çalışıb. 1999-cu ildə Corctaun Universitetində basketbol üzrə baş məşqçisi olub və komandaya 103 qələbə qazandırıb. Professor Eşerik idman yayımında çalışmış və idmanda media əlaqələri, idman idarəçiliyinin əsasları və məşqçilik sənəti və elmləri üzrə bir sıra dərsliklər yazıb. Hazırda o, Corc Meyson Universitetində idman idarəçiliyi üzrə dosent vəzifəsində işləyir.