BAKIDA “DƏNİZÇİ MƏRKƏZİ” AÇILMIŞDIR
Müasir tələblərə cabab verən layihə əsasında tikilmiş mərkəzin binası Beynəlxalq Nəqliyyat İşçiləri Həmkarlar İttifaqları Federasiyası “Dənizçi” Fondunun qrant vəsaiti hesabına inşa olunmuşdur. Xətai rayonu ərazisində yerləşən ikimərtəbəli mərkəz idman zalları, yataq otaqları, İnternet salonu, bar və digər istirahət yerlərindən ibarətdir. Bundan başqa mərkəzdə telefon danışıq məntəqəsi və digər xidmətlər də olacaqdır.
Açılış mərasimində çıxış edən Timo Lappalainen tikinti işinin keyfiyyətlə aparılmasından və binanın vaxtında istifadəyə verilməsindən razı qaldığını bildirmişdir. Qonaq əminliklə bildirmişdir ki, Azərbaycan dənizçiləri istirahət günlərinin çoxunu yeni istifadəyə verilən mərkəzdə keçirəcəklər.
Ailə üzvləri gəmilərin harada olmasından asılı olmayaraq, mərkəzdən dənizçilərlə rabitə əlaqəsi yarada biləcəklər. Maddi imkanı olmayan digər ölkələrin dənizçiləri mərkəzin yataq otaqlarından istifadə edəcəklər.
Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Komitəsinin balansına verilən bu binada dənizçilərə və onların ailə üzvlərinə güzəştli qiymətlərlə xidmət göstəriləcəkdir.