Bakıda gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı keçirilir YENİLƏNİB
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans başlanıb.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir AMEA-nın 75 illiyinə həsr olunub.
Beynəlxalq konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, həmçinin 12 ölkədən 300-dən çox gənc alim iştirak edib.
Konfransı açan AMEA-nın akademik-katibi və müxbir üzvü Əminağa Sadıqov tədbir iştirakçılarını AMEA-nın rəhbəri, akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, son illərdə ölkəmizdə aparılan gənclər siyasətindən, onların inkişafı ilə bağlı qəbul edilən qərarlardan, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb. Qeyd edib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı böyük əhəmiyyət kəsb edir və bu gün keçirilən konfrans respublikada gənclər siyasətinə dair aparılan tədbirlərin tərkib hissəsindən biridir. 2011-ci ildə AMEA ilə SOCAR arasında memorandumun imzalandığını xatırladan Ə.Sadıqov həmin sənəddən irəli gələrək Elm Fondunun yaradıldığını, ötən müddət ərzində təşkilat tərəfindən beş müsabiqənin keçirildiyini və 160-a yaxın layihənin maliyyələşdirildiyini diqqətə çatdırıb.
Fundamental və tətbiqi elmlərin müasir problemlərinə də toxunan Ə.Sadıqov müasir dövrdə multidissiplinar yanaşmaların ciddi elmi nəticələrin əldə edilməsində mühüm rol oynadığını deyib, bir neçə sahəni əhatə edən alimlər qrupu tərəfindən aparılan tədqiqatların zəruriliyindən danışıb. O, tədbirin gənc alimlərin öz elmi nəticələrini ictimaiyyətə təqdim etmələrinə töhfə verəcəyini söyləyib.
Sonra SOCAR-ın Elm və texnika şöbəsinin müdiri, texnika elmləri doktoru Nazim Vəliyev təmsil etdiyi qurum barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, SOCAR respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının çıxarılması, emalı və nəqli, o cümlədən onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. O, şirkət tərəfindən böyük həcmdə elmi-tədqiqat və layihə işlərinin yerinə yetirildiyini, kadr hazırlığına xüsusi önəm verildiyini və bunun davamı olaraq beynəlxalq standartlara uyğun ən müasir tədris proqramları və tədris texnologiyaları ilə təmin olunmuş Bakı Ali Neft Məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. 2014-cü ildə bu mövzuda keçirilmiş ilk tədbirin Neftçilər Gününə həsr olunduğunu xatırladan N.Vəliyev gənclərin elmə cəlb edilməsi və onların stimullaşdırılması yönündə birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirərək konfransın işinə uğurlar arzulayıb.
AMEA Gənc Alim və Mütəxəssislər Şurası sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Azərbaycanda elmin koordinasiyası, inkişafı və gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından akademiyanın müqayisəedilməz rola malik olduğunu söyləyib. Qeyd edib ki, AMEA Azərbaycan elminin dünya elminə inteqrasiyası ilə əlaqədar bir sıra ümdə hədəflər müəyyənləşdirib və onların gerçəkləşməsi istiqamətində böyük irəliləyişlərə nail olub. Bu gün AMEA-nın gənc alimlərinin xarici həmkarları ilə birgə tədqiqatlar apardığını deyən F.Salmanov qlobal miqyaslı tədbirlərin təşkilinin yeni yanaşma və metodologiyaların mənimsənilməsi baxımından əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Şura sədri II beynəlxalq elmi konfransın çoxşaxəli tədqiqatların fundamental və tətbiqi aspektlərinin müzakirəsi baxımından mühüm elmi yığıncaq olduğunu vurğulayıb, tədbirin təşkilinə görə AMEA-nın rəhbərliyinə və SOCAR-ın Elm Fonduna öz minnətdarlığını bildirib.
Konfransda, həmçinin Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Andrey Kotelnikov, Belarus Milli Elmlər Akademiyasının Gənc Alimlər Şurasının sədr müavini Stanislav Yuretski, İstanbul Texniki Universitetinin əməkdaşı, yer elmləri üzrə fəlsəfə doktoru Nedim Gökhan, qazaxıstanlı gənc alim Suxrab Japarov və digərləri çıxış edərək tədbirin birgə araşdırmalar üçün zəmin yaradacağını söyləyiblər.
Sonra gənc alimlərin elmi məruzələri dinlənilib.
Qeyd edək ki, tədbirə qatılmaq üçün Kanada, İspaniya, Türkiyə, Çin, Misir, Efiopiya, Gürcüstan, Almaniya, Macarıstan, Nigeriya, Filippin, Rusiya, Belarus, Ukrayna, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər ölkələrdən 350-dən çox (xarici ölkələrdən 77 nəfər) gənc alim, doktorant, magistr və tələbə müraciət edib. Təşkilat Komitəsinə AMEA Rəyasət Heyətinin üzvləri, şöbə rəhbərləri və elmi-tədqiqat müəssisələrinin Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri daxil edilib. Müraciətlərin elmi və texniki ekspertizası nəticəsində 12 ölkədən 307 (xarici ölkədən 28 nəfər) gənc tədqiqatçının tədbirdə iştirak edəcəyi müəyyənləşdirilib.
Martın 6-dək davam edəcək konfrans çərçivəsində akademiyanın müvafiq institutlarında “İntellektual sistemlər və texnologiyalar, “Molekulyar biotexnologiya və gen mühəndisliyi”, “Yer elmlərinin nəzəri və tətbiqi problemləri”, “Nanotexnologiya və materialşünaslıq”, “Tətbiqi kimyanın müasir problemləri”, “Xəzər dənizinin çoxşaxəli elmi və nəzəri problemləri”, “Bugünkü sosial və humanitar problemlər” və “Elmdə ilk addımlar (istedadlı şagirdlər üçün xüsusi bölmə)” müasir və aktual elmi istiqamətlər üzrə çıxış və təqdimatlar təşkil olunacaq. 2014-cü ildə bu mövzuda keçirilmiş ilk konfrans Neftçilər Gününə həsr olunub. Altı ildən sonra keçirilən II beynəlxalq elmi konfrans AMEA-nın 75 illiyinə həsr olunur.
Konfransda təqdim olunan məruzələr kitab şəklində çap edilib, konfrans zamanı və sonra onlayn təqdim ediləcək.