Bakıda gənclərin beynəlxalq ekoloji forumu keçiriləcəkdir
Bakı, 19 noyabr (AZƏRTAC). Dekabrın 16-dan 19-dək Bakıda gənclərin beynəlxalq ekoloji forumu keçiriləcəkdir. AZƏRTAC xəbər verir ki, bu tədbir Müstəqil Dövlətlər Birliyində elan edilmiş Ekoloji mədəniyyət və ətraf mühitin mühafizəsi ili çərçivəsində və MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində 2013-2014-cü illər üçün Prioritet Tədbirlər Planının 2.2-ci bəndinə uyğun olaraq keçiriləcəkdir. Ekologiya problemləri ilə məşğul olan 18-35 yaşlı gənc fəallar, tələbələr və alimlər ekologiya ilə bağlı fəaliyyətin planlaşdırılmasında innovasiya yanaşmalarından istifadə edilməsi sahəsində təcrübə mübadiləsi aparmaq, habelə ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsi məsələlərinə cəlb etmək üçün Bakıda toplaşacaqlar.
Forum iştirakçıları üçün təbiəti mühafizə fəaliyyəti, ekologiya sahəsində müştərək layihələrin planlaşdırılması ilə əlaqədar nəzəri və praktiki biliklərin müzakirəsi üçün imkan yaradılacaqdır. Forum çərçivəsində ekskursiyalar təşkil ediləcək, ən uğurlu layihələrin sərgisi keçiriləcəkdir.
Forumun əsas mövzuları bunlardır: iqlim dəyişmələri şəraitində MDB ölkələrində təbii və təbii-antropogen geosistemlərin müasir vəziyyəti və inkişaf perspektivləri; əhalinin ekoloji maarifləndirilməsi (ekoloji tədbirlər və aksiyalar, sosioloji araşdırmalar, sosial reklam, ekoloji məhsullar və s.); urbanizasiya və şəhərlərin inkişaf strategiyası (şəhər mühitinin ekologiyası, ekoloji monitorinq, urbanistika, marketinq ekologiyası, ekoloji menecment, ekoloji audit və s.); MDB ölkələrində xüsusi mühafizə edilən təbii ərazilər və nadir təbii landşaftlar; alternativ enerji mənbələri, bioloji yanacaq və alternativ nəqliyyat növləri (velosiped, elektromobillər və s.), landşaft ekologiyası (geoekologiya, landşaftla tanışlıq ekspedisiyalarının nəticələri, “ekoloji cığırlar” yaradılması və s.); insan ekologiyası (biososial varlıq kimi insanın ətraf mühitlə qarşılıqlı əlaqəsi), sosial ekologiya (“insan cəmiyyəti - təbiət” sistemində qarşılıqlı münasibətlər), tətbiqi ekologiya (mühəndislik ekologiyası, tibbi ekologiya, aqrar ekologiya, tikinti ekologiyası və s.).