Bakıda ilk dəfə azərbaycanlı gimnast Samirə Mustafayevanın ustad dərsi keçiriləcək
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Bakıda ilk dəfə azərbaycanlı gimnast Samirə Mustafayevanın ustad dərsi keçiriləcək. “Nargis” jurnalının xüsusi dəvəti ilə 52-ci nömrənin üz qabığının qəhrəmanı, bədii gimnastika üzrə idman ustası, dünya çempionatlarının mükafatçısı Samirə Mustafayeva ustad dərsi üçün Bakıya gəlib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 27-də gimnast Samirə Mustafayevanın “Boulevard Hotel Baku”da mətbuat konfransı olub.
S.Mustafayeva bildirib ki, o, “SM Stretching” @smstretching” studiya şəbəkəsinin sahibi və ideya rəhbəridir. Bu şəbəkədə üç istiqamət təqdim olunub: “Stretching”, “TRX” və “BARRE”. Oktyabrın əvvəlində Samirə və onun həyat yoldaşı Moskvada artıq beşinci studiyalarını açıblar.
“Hər işdə mənə həyat yoldaşım dəstək verir. Biz birgə çalışırıq. Həmçinin mənim şagirdlərim, gənc gimnastlarımız və stretçinq ilə yeni məşğul olan qızlar mənə güc verirlər. Biz yarım il ərzində Moskvada beş stretçinq studiyası açmışıq. Hər birimiz müxtəlif idman növləri ilə məşğul oluruq: fitness, aerobika, yoqa və s. Bu gün isə nisbətən az populyar olan stretçinq barədə sizlərə danışmaq istəyirik. Stretçinq xüsusi əzələ və ya əzələ qrupunun dartınması üçün müəyyən hərəkətlərdir ki, bədənə elastiklik bəxş edir. Biz daim yeniliklər tətbiq edirik”, - deyə S.Mustafayeva əlavə edib.
Azərbaycanlı gimnast sonuncu dəfə 7 il əvvəl Bakıda olduğunu deyib: “Bakı çox dəyişilib və daha gözəl olub. Artıq hava limanında bunu hiss etdim. Bu yay Moskvada 400-dən çox insanın iştirakı ilə stretçinq festivalı keçirilib. Gələcəkdə Bakıda da stretçinq studiyası aça bilərik”.
Qeyd edək ki, idmançının Bakıda ilk ustad dərsi Su İdmanı Sarayında keçiriləcək. Samirə Mustafayeva 60 dəqiqə ərzində dartınmanın düzgün yollarını göstərəcək.