Bakıda İmran Qasımovun yubileyi qeyd olunmuşdur
Bakı, 19 dekabr (AZƏRTAC). Dekabrın 19-da Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində tanınmış Azərbaycan yazıçısı, dramaturqu, ssenaristi, xalq yazıçısı İmran Qasımovun xatirə gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yubiley gecəsində rejissor Ziya Şıxlinskinin yazıçıya həsr olunmuş “Onun böyük ürəyi” sənədli filmi göstərilmişdir.
Film İ.Qasımovun 80 illiyi münasibəti ilə 2009-cu ildə “Yaddaş” kinostudiyasında çəkilmişdir. Ssenari müəllifi İntiqam Qasımzadə, operator Adil Abbasov, quruluşçu rejissor Ziya Şıxlinskidir.
Filmdə onu yaxından tanıyan insanların -Çingiz Aytmatovun, Georgi Markovun, Tahir Salahovun, Oljas Süleymenovun, bəstəkar Xəyyam Mirzəzadənin xatirələri verilmişdir. Bəstəkar X.Mirzəzadə nəinki onunla dostluq etmiş, həm də birlikdə işləmişdir. O, İmran Qasımovun “Bizim küçə”, “Əsl dost” filmlərinə, habelə Rus Dram Teatrında hazırlanmış bir çox tamaşalarına musiqi yazmışdır.
Filmə həmçinin İ.Qasımovun ssenariləri əsasında çəkilmiş filmlərdən kadrlar daxil edilmişdir. Burada İmran Qasımovun özü yaradıcılığı haqqında söhbət açır, həyat barədə mülahizələrini bölüşür.
Filmin rejissoru Ziya Şıxlinski demişdir: “İmran Qasımov çox parlaq şəxsiyyətdir. O, insanlara təmənnasız olaraq çox yaxşılıqlar etmişdir, odur ki, bu işə məmnuniyyətlə başladım”.
Film Azərbaycan mədəniyyəti tarixində İmran Qasımovun da daxil olduğu bütöv bir mərhələni təcəssüm etdirir.
İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda anadan olmuşdur. 1934-cü ildə orta məktəbi bitirmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1938-ci ildə Moskvada Ali kinossenariçi kurslarında oxumuşdur. Kursları bitirdikdən sonra müəyyən vaxt Moskvada işləmişdir. Azərbaycan SSR kinematoqrafiya nazirinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru olmuşdur. 1975-1981-ci illərdə Azərbaycan SSR Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi vəzifəsində çalışmışdır. İmran Qasımov Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı, Azərbaycan SSR-in Dövlət mükafatı laureatıdır. O, 9-10-cu çağırışlar SSRİ Ali Sovetinin deputatı olmuşdur. Orden və medallarla təltif edilmişdir.
İ.Qasımov “Uzaq sahillərdə”, “Abşeron ritmləri”, “Süvenir”, “Onun böyük ürəyi” filmlərinin və başqa filmlərin ssenari müəllifidir.
Əməkdar İncəsənət Xadimi Ziya Şıxlinski “Ruslar müharibə istəyirmi” filminin (1990) rejissoru kimi tanınmışdır. Filmdə siyasi hadisələr zamanı Sovet qoşunlarının Budapeştdə, Novoçerkasskda, Praqada, Əfqanıstanda, Alma-Atada, Tbilisidə və Bakıda törətdikləri qırğınlardan bəhs olunur. O həmçinin general Əliağa Şıxlinskiyə həsr olunmuş “Onu artilleriyanın Allahı hesab edirdilər” (1996), Azərbaycan ərazisində yaşayan almanların həyatından bəhs edən “Bir hicran nəğməsi” (1997), Xalq Yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş “Ayrılan yollar” (1998), “Şopenin qayıtması” (1998), “8 dəqiqə yarımlıq düşüncə” (1999), “Doğma yer yoxdur” (2003), “Həyat mənbəyi” (2005), “Həyat izləri” (2006), “Sitayiş” (2007), “Azərbaycan motivləri” (2008), “Azərbaycan musiqisi” (2009), “Dünyaya açılan pəncərə”, “Qəlbi ilə təsvir edən rəssam” (2010), “Fotosənətkar” (2011) və başqa filmləri çəkmişdir.
Rejissor Eldar Quliyev Ziya Şıxlinskini qısaca belə səciyyələndirmişdir: “O, Azərbaycan tarixini portretlərdə yaratmışdır”.
Bu il onun Bakının Nuru Paşa ordusu tərəfindən daşnaqların quldur dəstələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuş “Ağır günlərin xronikası” filminin təqdimatı olmuşdur.
Gecədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin deputatları, yaradıcılıq ittifaqlarının, teatrların, KİV-lərin rəhbərləri, filmin ssenari müəllifi, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə iştirak etmişlər.
Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisinin deputatları Elmira Axundova və Fəttah Heydərov, rejissor Eldar Quliyev, xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə İmran Qasımov haqqında xatirələrini bölüşmüşlər.
Tədbirin sonunda İmran Qasımovun nəvəsi, Xalq Artisti Murad Adıgözəlzadə ailəsi adından gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.