İDMAN
BAKIDA KEÇİRİLƏCƏK QILINCOYNATMA ÜZRƏ BEYNƏLXALQ TURNİRDƏ 10 ÖLKƏNİN İŞTİRAKI TƏSDİQLƏNMİŞDİR
Bakı, 24 aprel (AZƏRTAC). Mayın 23-24-də Bakıda qılıncoynatma üzrə beynəlxalq “Baku Fencing Open” turniri keçiriləcəkdir. Yarışda iştirak etmək üçün artıq 10 ölkə öz razılığını bildirmişdir. Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov keçirdiyi mətbuat konfransında demişdir ki, Gürcüstan, İran, Türkiyə, Rusiya, Ukrayna, Qırğızıstan, Özbəkistan, Avstriya, Fransa və Estoniyanın yarışda iştirakı artıq təsdiqlənmişdir.
Bakı İdman sarayında təşkil olunacaq turnirdə 100-dən artıq idmançı sablya və şpaqa növlərində qüvvəsini sınayacaqlar. Turnirin birinci günü qadınların sablya üzrə yarışmasının qalibləri müəyyənləşəcəkdir. Bu mübarizədə birinci yerin sahibi 5 min ABŞ dollarına sahib olacaqdır. İkinci yerə 3 min, üçüncü yerlərə isə 2 min ABŞ dolları məbləğində pul mükafatı nəzərdə tutulmuşdur.
R.Məmmədov ilin sonunda Bakıda “Federasiya kuboku” uğrunda yarışın keçiriləcəyini də söyləmişdir. Bu turnirdə əsasən, yerli idman cəmiyyətləri və klubların komandaları yarışacaqlar. Baş katib belə turnirlərin ölkəmizdə qılıncoynatmanın inkişafına təkan verəcəyinə əmin olduğunu bildirmişdir. O demişdir ki, artıq idmanın bu növünün regionlarda yayılması üçün müvafiq işlər görülür. İyunda Sumqayıtda qılıncoynatma bölməsi fəaliyyətə başlayacaqdır. Bu ilin sonunadək Quba, Xaçmaz, Mingəçevir, Şirvan və digər şəhərlərdə belə bölmələrin açılması nəzərdə tutulmuşdur.