BAKIDA NÖVBƏTİ ƏMƏK YARMARKASI İŞƏ BAŞLAMIŞDIR
İki gün davam edəcək tədbirin açılış mərasiminə gəlmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov yarmarkanın işi ilə tanış olmuş, paytaxt rayonlarının, eləcə də Abşeron rayonunun müəssisə və təşkilatları tərəfindən təklif olunan iş yerləri, onların şəraiti, əmək haqqı ilə maraqlanmışlar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev kütləvi informasiya vasitələri nümayəndələrinə müsahibəsində söyləmişdir ki, işsiz adamı sənətinə uyğun işlə təmin etməkdən yaxşı nə ola bilər! Bu, dövlətimizin siyasətidir. Əmək yarmarkalarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək olduğunu vurğulayan nazir, bu tədbirlərin Baş Məşğulluq İdarəsi tərəfindən artıq yeddi il ərzində keçirildiyini, bu zaman kəsimində 45 mindən çox vətəndaşın iş tapdığını söyləmişdir. Bildirilmişdir ki, ötənilki tədbirdə 5000-ə yaxın iş yeri təklif edilmişdisə, bu əmək yarmarkasına üç qrup üzrə (xarici şirkətlər, özəl müəssisələr və dövlət təşkilatları) 6300 iş yeri çıxarılıb və orta aylıq əmək haqqı 510 min manata çatmışdır. Əli Nağıyev iş axtaranların, əsasən, gənclər olduğunu qeyd edərək demişdir ki, bu əmək yarmarkası respublika gənclərinin IV forumunun keçirildiyi bir vaxtda onlara töhfəmizdir.