BAKIDA “QAFQAZ KUBOKU” UĞRUNDA BEYNƏLXALQ KONKUR YARIŞLARI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 26-da Bakı Cıdır Meydanında Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) rəsmi turniri kimi Azərbaycanda ilk dəfə olaraq keçirilən atçılıq idmanı üzrə “Qafqaz kuboku” uğrunda beynəlxalq konkur yarışları başa çatmışdır.
“Günay” Atçılıq Təsərrüfatının təşkilatçılığı ilə keçirilən turnirin sonuncu - üçüncü günündə Azərbaycan və Gürcüstan atçılıq idman klublarını təmsil edən 11 idmançı mübarizə aparmışdır.
Maksimum hündürlüyü 130 santimetr olan 4 maneəni cərimə xalı almadan dəf edən 10 idmançı növbəti dairədə iştirak etmək hüququ qazanmışdır. Maksimum hündürlüyü 140 santimetr olan maneələri bu dəfə 6 idmançı cərimə xalı olmadan dəf edə bilmişdir. Növbəti mərhələdə isə idmançılar maksimum hündürlüyü 150 santimetr olan maneələri keçmişlər. Bu dövrəni Bakı Olimpiya Ehtiyatları Atçılıq İdman Məktəbinin nümayəndəsi Elmar Abdullayev “Ağrı” ləqəbli, Azərbaycanın “Günay” Atçılıq İdman Klubunun təmsilçisi Seyid Musayev “Rodriqo” və Tbilisi ipodromunun təmsilçisi İvan Norakidze “Dar” ləqəbli atlarla cərimə xalı qazanmadan dəf edərək sonuncu mərhələyə vəsiqə qazanmışlar.
Dördüncü, sonuncu mərhələdə idmançılar 160 santimetr hündürlüyü dəf etmişlər. Bu mərhələdə ən yaxşı nəticəni gürcüstanlı idmançı İvan Norakidze və onun “Dar” ləqəbli atı göstərmişdir.
Bakı Olimpiya Ehtiyatları Atçılıq İdman Məktəbinin nümayəndəsi Elmar Abdullayev “Ağrı” ləqəbli, Azərbaycanın “Günay” Atçılıq İdman Klubunun təmsilçisi Seyid Musayev “Rodriqo” ləqəbli atlarla maneələri hərəyə 4 cərimə balı ilə keçərək 2-ci 3-cü yerləri bölüşmüşlər.
Bununla da turnir başa çatmış və qaliblər mükafatlandırılmışlar.
Turnirin baş mükafatı “Günay” Atçılıq İdman Klubunun təmsilçisi Seyid Musayevə təqdim olunmuşdur.
Digər idmançılara diplomalar və pul mükafatları verilmişdir.
Turnirin baş hakimi, FEİ-nin nümayəndəsi Pyotr Solovyov çıxış edərək, Azərbaycanda son vaxtlar atçılıq idmanının inkişafına böyük diqqət göstərildiyini xüsusi qeyd etmiş, tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirmişdir.