BAKIDA QILINCOYNATMA ÜZRƏ BEYNƏLXALQ TURNİRDƏ SABLYA ÜZRƏ YARIŞLARDA QALİBLƏR MƏLUM OLMUŞDUR
Bakı, 23 may (AZƏRTAC). Bakı İdman Sarayında qılıncoynatma üzrə beynəlxalq “Baku Fencing Open” turniri start götürmüşdür. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Latviya, Estoniya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Türkiyə, İran, Moldova və Bolqarıstandan 120-ə yaxın qılıncoynadan iştirak edir.
Yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov son illər Bakının bir sıra beynəlxalq yarışların keçirildiyi məkana çevrildiyini söyləyərək, paytaxtımızın qılıncoynatma üzrə beynəlxalq turnirə ilk dəfə ev sahibliyi etdiyini vurğulamışdır.
Nazir ölkəmizdə qılıncoynatmanın dərin ənənələrinin olduğunu bildirərək, Azərbaycanın idmanın bu növündə iki Olimpiya və iki dünya çempionu yetişdirdiyini söyləmişdir. A.Rəhimov yeniyetmə idmançıların bu uğuru təkrarlayacağına ümid etdiyini vurğulamışdır.
Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimov isə iştirakçıları salamlayaraq, “Baku Fencing Open” turnirinin Azərbaycan idmanı tarixində xüsusi yeri olacağını söyləmişdir. O demişdir ki, Avropa Qılıncoynatma Federasiyasının dəstəyi ilə bu yarış hər il keçiriləcəkdir.
İncəsənət ustalarının çıxışından sonra yarış yarımfinal görüşləri ilə davam etmişdir.
Turnirin birinci günü sablya üzrə yarışlar keçirilmişdir. Qızlar arasında ən gərgin və maraqlı görüş Azərbaycan idmançısı Sabina Mikina və Rusiya təmsilçisi Alina Ozolina arasında keçirilən yarımfinal oyunu olmuşdur.
Bu idmançılar arasında sona qədər bərabər mübarizə getmişdir. S.Mikina yalnız sonuncu hissədə bir neçə cəhddən sonra qələbəni bayram etmişdir. Digər yarımfinal görüşündə Aidə Ələsgərova Sevil Bünyadova üzərində qələbə qazanaraq finala çıxmışdır.
Final qarşılaşmasında Sabina Mikina Aidə Ələsgərovanı məğlub edərək, turnirin qızıl medalına sahib çıxmışdır.
Oğlanların yarımfinal görüşlərində Ramin Əmirov Gürcüstan idmançısı Laslo Mikeladzeni üstələyərək finala çıxmışdır. Digər görüşdə isə, Azər Tağıyev Cəlil Ələsgərovu məğlub edərək, qızıl medal uğrunda mübarizəni davam etdirmək hüququ qazanmışdır.
Həlledici görüşdə R.Əmirov A.Tağıyevə qalib gələrək çempion olmuşdur.
Qadın sablyaçılar arasında birinci yeri tutmuş idmançıya 5 min, ikinci yerə 3 min, üçüncü yerə isə, 2 min manat pul mükafatı təqdim olunmuşdur.
Kişilərin sablya və şpaqa, eləcə də qadınların şpaqa növündə qalib olmuş idmançıya müvafiq olaraq, 3 min, 2 min və 1000 manat məbləğində pul mükafatı nəzərdə tutulmuşdur.
Yarışa mayın 24-də şpaqa üzrə yarışlarla yekun vurulacaqdır.
######
