Bakıda qlobal və regional hidrosiyasi problemlər müzakirə edilib
Bakı, 25 noyabr, Kifayət Əliyeva, AZƏRTAC
Noyabrın 25-də Bakıda “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizik kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan alimləri və siyasətçiləri ilə yanaşı, Türkiyə, Serbiya, Misir, Gürcüstan, ABŞ, Qazaxıstan, İordaniya, Niderland və Bosniyadan alimlər və mütəxəssislər iştirak ediblər.
Konfransın açılışında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans transsərhəd sulardan və su çatışmazlığından siyasi-iqtisadi təzyiq kimi istifadənin yolverilməzliyinə, dünyada şirin su zəminində baş verən və proqnozlaşdırılan münaqişələrə, beynəlxalq hüququn fəallaşdırılmasına və bu istiqamətdə tövsiyələrin hazırlanmasına həsr olunub. Konfransın keçirilməsinin məqsədi qlobal su çatışmazlığı probleminin aradan qaldırılması və su resurslarından səmərəli istifadənin həlli yollarının axtarılıb tapılması, su ehtiyatlarının inteqrasiya yolu ilə idarə olunması, transsərhəd su resurslarının istifadəsində və qorunmasında birgə əməkdaşlıq, sudan siyasi məqsədlərlə istifadə və s. məsələlərin müzakirə edilməsidir.
Daha sonra akademik R.Məmmədovun moderatorluğu ilə “Qlobal su çatışmazlığı probleminin ekoloji, siyasi, iqtisadi və sosial aspektləri” mövzusunda plenar iclas keçirilib.
İclasda çıxış edənlər Yaxın və Orta Şərqdə, Şimali Afrikada, Mərkəzi Asiyada və Cənubi Qafqazda su ehtiyatlarından səmərəli istifadəyə və onların qorunmasına yönəldilmiş səylərin zəruriliyini vurğulayıb, bu səyləri beynəlxalq sülh və qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm amil kimi dəyərləndiriblər. Suyun istifadəsi sahəsində ortaya çıxan vacib problemlərdən söz açan məruzəçilər bildiriblər ki, yaranmış vəziyyət təkcə ayrı-ayrı dövlətlərdə deyil, bütövlükdə Yer üzündə sülh və təhlükəsizliyə, o cümlədən ekoloji təhlükəsizliyə qarşı yönələn ciddi təhdiddir. Eyni zamanda, bir dövlətin digərlərinə qarşı su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadəsi qətiyyətlə pislənilib, Ermənistanın transsərhəd su ehtiyatlarından, işğal altında olan ərazilərdəki hidrotexniki qurğulardan Azərbaycan Respublikasına qarşı hidrosiyasi təzyiq vasitəsi kimi istifadəsinə beynəlxalq hüquq müstəvisindən qiymət verilib.
Sonra konfrans işini “Hidromünaqişələr və beynəlxalq hüquq”, “Transsərhəd su axarları ilə əlaqəli problemlər regional sülh və təhlükəsizliyə təhdiddir” mövzusunda panel iclaslarla davam etdirib.
İclaslarda vurğulanıb ki, dünyanın su ehtiyatları ümumbəşəri nemətdir, onun çirkləndirilməsi, inhisara alınması, hidrosiyasi və hidrodiversiya vasitəsi kimi istifadəsi yolverilməzdir.
Konfransın yekununda Birləşmiş Millətlər Təşkilatına, onun ixtisaslaşdırılmış qurumlarına və Dünya Su Şurasına ünvanlanan Bakı Bəyannaməsi qəbul olunub.