BAKIDA TAEKVONDO ÜZRƏ AZƏRBAYCANIN AÇIQ ÇEMPİONATI BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 24-də Bakı İdman Sarayında taekvondo üzrə Azərbaycanın açıq çempionatı başlamışdır.
Yarışda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Belarus, Yunanıstan, İsrail, Ukrayna, İordaniya, Fransa, Misir, İran, Estoniya, Qazaxıstan, Çin və Koreya Respublikasının komandaları mübarizə aparırlar. Azərbaycan yarışda 3 komanda ilə təmsil olunur.
Yarışı izləmək məqsədilə Avropa Taekvondo İttifaqının (ATİ) prezidenti Atanasios Praqalos və qurumun baş katibi Gerrit Eysink də Bakıya gəlmişlər.
Açılış mərasimində çıxış edən Avropa Taekvondo İttifaqının vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın son illərdə bir sıra beynəxalq yarışlara, Avropa və dünya çempionatlarına “ev sahibliyi” etdiyini xatırladaraq, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə sayəsində beynəlxalq təşkilatların etimadını qazandığını vurğulamışlar. Bildirilmişdir ki, 2009-cu ildə taekvondo üzrə dünya kuboku uğrunda turnir Bakıda keçiriləcəkdir.
Gerrit Eysink isə Azərbaycanda taekvondonun sürətlə inkişaf etdiyini vurğulamışdır. O demişdir ki, səfər zamanı biz regionlarda yaradılan infrastrukturla tanış olduq və demək istərdim ki, Azərbaycanda taekvondonun inkişafı Avropa ölkələrinə nümunə sayıla bilər. Mən inanıram ki, yaxın gələcəkdə Azərbaycan dünyada taekvondonun mərkəzinə çevriləcəkdir.
Daha sonra ATİ-nin prezidenti A.Praqalos Füzuli Musayevə 6-cı dan qara kəmərin diplomunu təqdim etmişdir.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.
Sonra çempionatın startı verilmişdir. İlk günün nəticələrinə əsasən, Behzat Xodabat (58 kq, İran), Xosrov Əhmədov (67 kq, Azərbaycan), Əli Rza (72 kq, İran) və Yusif Kərəmi (84 kq, İran) birinci yeri tutmuşlar.
Qadınların yarışında isə Sevda Mavi (51 kq, Türkiyə), Mariya Popova (59 kq, Ukrayna), Sılarumeysa Ölcek (63 kq, Türkiyə) və Yonq in Yanq (72 kq, Koreya Respublikası) birinci olmuşlar.
Azərbaycanın açıq çempionatında müxtəlif komandaların heyətində olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları iştirak edirlər. Maraqlı döyüşlərdən biri Azərbaycan yığmasının liderlərindən olan Təvəkkül Bayramov ilə İran idmançısı Yusif Kərəm arasında final görüşü olmuşdur. T.Bayramov yalnız son anda qələbəni əldən verərək gümüş medala sahib çıxmışdır.
Ümumiyyətlə, Azərbaycan idmançıları yarışın ilk günü bir qızıl, dörd gümüş və 10 bürünc medal qazanmışlar.
######
![]() |
![]() |

