Bakıda təşkil olunan “CTE-2014” sərgisində dünyanın 77 şirkəti bir araya gəldi
Bakı, 19 noyabr, Elçin Hüseynov, AZƏRTAC
Bakı Ekspo Mərkəzində beşinci yubiley beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi (“CTE-2014”) öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 19-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun iştirakı ilə sərgiyə baxış keçirilib. Məlumat verilib ki, ətraf mühitin mühafizəsinə həsr olunmuş sərgi Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin dəstəyi ilə keçirilir. Nazir bildirib ki, sərginin əsas məqsədi təbii sərvətlərin qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaların Azərbaycanda təşviqi və tətbiqidir. Bu sərgi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir. Ekoloji sərgidə ilk dəfə olaraq Çexiyanın milli stendi də iştirak edir.
Ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı keçirilən sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunur.
“CTE-2014” beynəlxalq sərgisində Azərbaycan, Çexiya, Almaniya, İtaliya, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, İsveç və digər ölkələrdən 77 şirkət iştirak edir.
Sərgidə şirkət və dövlət strukturları ilə yanaşı, ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da öz stendlərini nümayiş etdirirlər.
Sərgi öz işini noyabrın 21-dək davam etdirəcəkdir. “CTE-2014” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, hökumət və qeyri-hökumət təşkilatları ilə ekoloji məsələlər üzrə əməkdaşlığın milli, regional və beynəlxalq səviyyədə genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq.