CƏMİYYƏT
Bakıda Ümumdünya Cuuri Dili Həftəsi çərçivəsində tədbir keçiriləcək
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 15-dən 24-dək dünyanın dağ yəhudi icmaları Ümumdünya Cuuri Dili Həftəsini qeyd edəcəklər. Sentyabrın 24-də Beynəlxalq Cuuri Günü münasibətilə yekun tədbir - dağ yəhudilərinin dilinin öyrənilməsi, qorunması və populyarlaşmasına həsr olunmuş 5-ci illik onlayn marafon keçiriləcək. Tədbir STMEGI Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təşkil olunub.
AZƏRTAC STMEGI Fondunun saytına istinadla xəbər verir ki, marafon-festivalda Azərbaycan, Rusiya, İsrail, Almaniya və ABŞ-dan olan iştirakçılar cuuri dilində şeir oxuyacaq, mahnılar ifa edəcək, həmçinin dilin hazırkı vəziyyətini - onun qorunması və öyrənilməsi üzrə Fondun uzunmüddətli proqramının həyata keçirilməsini müzakirə edəcəklər.
Festivalın qonaqları öz ana dili olan cuuri dilində çıxışlardan zövq ala, yeni və klassik ədəbi əsərlərdən parçalar eşidə biləcəklər. Ənənəvi olaraq, tədbirdə dilçi tədqiqatçılar, dərslik müəllifləri, müəllimlər, yazıçılar, dili öyrənən gənc nəslin nümayəndələri, dağ yəhudilərinin mədəni irsinə biganə olmayan hər kəs iştirak edir.
Ümumdünya Cuuri Dili Gününə həsr olunmuş tədbirlər sentyabrın 15-dən 23-dək Nyu-York, Pyatiqorsk, Bakı, Dərbənd, Moskva, Berlin və Qüds şəhərlərində keçiriləcək.
Marafona həsr olunmuş yekun proqram sentyabrın 24-də saat 17.00-da STMEGI TV – “First Jewish YouTube” kanalında yayımlanacaq.
Cuuri marafonu STMEGI Fondunun əsas təhsil layihələrindən biridir. Həmçinin cuuri UNESCO tərəfindən rəsmi olaraq yox olmaqla üzləşən dil kimi tanınır və təşkilat onun qorunub saxlanması, populyarlaşması üçün əlindən gələni edir.