BAKIDA YENİ TEXNOLOGİYALARA DAİR BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİR
Bakı Elm-Tədris Mərkəzinin təşkil etdiyi tədbiri “Avropa Birliyinin biznes və tədqiqat işlərində MDB ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi sahəsində elektron fəaliyyəti (TELESOL)” layihəsi çərçivəsində keçirilir. Avropa Komissiyasının maliyyələşdirdiyi bu layihənin əlaqələndiricisi iqamətgahı Fransada yerləşən “Təhsil və elm sahəsində informasiya mübadiləsi beynəlxalq məlumat şəbəkəsi”dir.
Konfransda çıxış edən Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Cenevrədə keçirilən beynəlxalq konfransdan sonra bu tədbirin Bakıda təşkilinin xüsusi əhəmiyyət daşıdığını söyləmişdir. O demişdir ki, TELESOL layihəsi biznes və elmi tədqiqat sahəsində Avropa Birliyi ölkələri ilə MDB ölkələri arasında teleişin inkişafına xidmət edir.
Beynəlxalq konfransda Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Avropa Komissiyasının elektron fəaliyyət bölməsinin rəhbəri Jak Babo və başqaları çıxış etmişlər.