Bakıdakı Rus evində görkəmli bəstəkar Sergey Raxmaninovun yubileyi qeyd edilib
Bakı, 6 aprel, AZƏRTAC
Bakıdakı Rus Evində (RİMM) görkəmli bəstəkar Sergey Raxmaninovun 150 illiyinə həsr edilmiş klassik musiqi konserti olub. Konsertdə K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti, Rusiya Dövlət Akademik Böyük Teatrının dəvət edilmiş solisti Mariya Paxar (soprano), Moskva Filarmoniyasının solisti İlya Xardikov (tenor) iştirak ediblər. Fortepiano partiyasını “Moskonsert”in solisti Sergey Semyonov ifa edib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətdən AZƏRTAC-a verilən məlumat görə, konsertin birinci hissəsində Sergey Raxmaninovun əsərləri səslənib, gecənin ikinci hissəsində rus bəstəkarlarının ariya və romansları ifa edilib.
Tədbir Azərbaycanda həyata keçirilən “Rus dili millətin mədəni kodu və millətlərarası ünsiyyət vasitəsi kimi” təhsil-maarifçilik layihəsinin ikinci mərhələsi çərçivəsində təşkil edilib. Bu layihə dünyanın ən zəngin dillərindən biri olan rus dilinin qorunub saxlanmasına və onun statusunun artırılmasına yönəlib.
Layihənin təşkilatçıları Kinofestivallar və beynəlxalq proqramlar mərkəzi, Moskvadakı L.N.Tolstoy Dövlət Muzeyi, “KinoFokus” şirkəti, Bakıdakı Rus Evi və Azərbaycan Dillər Universitetidir. Layihə Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə həyata keçirilir.