Bakıdakı Rus evində “Nə? Harada? Nə zaman?” oyunlarının final mövsümünün qalibləri təltif olunub
Bakı, 26 dekabr, AZƏRTAC
Bakıdakı Rus evində “Nə? Harada? Nə zaman?” İntellektual Oyunlar Klubunun 2023-cü ildə final mövsümünün qalibləri və iştirakçılarının təltif olunması mərasimi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, gərgin mübarizənin yekunlarına görə, 2023-cü il mövsümünün qalibi “Veritas” komandası olub. İkinci yeri “Monolit” komandası, üçüncü yeri isə “Viktoriya-Qələbə” komandası qazanıb.
Bütün il ərzində 11-16 yaş arası uşaqlar Rusiya və Azərbaycan tarixi, mədəniyyət, coğrafiya və digər başqa sahələr üzrə biliklərini sınayıblar.
Bütün iştirakçılar mükafata layiq görülüb, qaliblərə xatirə hədiyyələri təqdim olunub.
İntellektual oyunların yeni mövsümü 2024-cü il fevralın 4-də başlayacaq. Oyunlar Bakıdakı Rus evində hər həftənin bazar günü, saat 11:30-da, 11-16 yaş arası iştirakçılar arasında keçiriləcək.
“Nə? Harada? Nə zaman?” oyunları Bakıdakı Rus evi, Azərbaycanın Rus Gəncləri Assosiasiyası və Rusiya Coğrafiya Cəmiyyətinin Gənclər klubunun birgə dəstəyi ilə təşkil olunub.