Bakının Nəsimi rayonunda növbəti abad həyət sakinlərin istifadəsinə verilib
Bakı, 23 aprel, AZƏRTAC
Paytaxt Bakının Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, görülmüş işlər çərçivəsində Asif Məhərrəmov küçəsində 37 saylı beşmərtəbəli yaşayış binasının fasadında, girişlərində və pilləkən qəfəslərində başlanılmış bərpa və təmir işləri başa çatdırılıb, binanın dam örtüyü və zirzəmisindən keçən kanalizasiya xətti təmir olunub, suaxıdıcı boru və navalçalar dəyişdirilib.
Binanın həyəti asfaltlanıb, tamet döşənib və 800 kvadratmetr sahəyə qazon vurulub, yeni bordürlər düzülüb, istinad divarı və pilləkən təmir olunub, yaşıllıqların suvarılması üçün su xətti çəkilib, mövcud yaşıllıqlar bərpa edilib, ağaclar budanıb, müxtəlif növ yeni həmişəyaşıl ağaclar və kollar əkilib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar quraşdırılıb.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirirlər.