Bakının Xəzər rayonunda “Təmizlə və xilas et” adlı aksiya keçirilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) Ətraf Mühitin Mühafizəsi Günü və yay mövsümünün yaxınlaşması ilə əlaqədar Xəzər rayonunda çimərlik boyu “Təmizlə və xilas et” devizi altında iməcilik aksiyası keçirmişdir.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iməciliyin məqsədi vətəndaşlarımız və şəhərimizin qonaqları üçün daha gözəl istirahət şəraiti yaratmaq, gəncləri təmizliyin qorunması məqsədi güdən bu cür layihələrdə fəal iştiraka cəlb etməkdir.
Aksiyaya “Xəzər” İnkişaf Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Ekosfera” İctimai Birliyi, “Yaşıl velosipedçilər” Klubu, “Green Baku”, ekoloji tarazlığın və təmizliyin bərpasında maraqlı olan digər təşkilatlardan ümumilikdə 200-ə yaxın gənc cəlb olunmuşdur.
ASC-nin layihələrin idarəedilməsi və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov tullantılarla düzgün rəftar olunması, o cümlədən ətraf mühitin qorunması məqsədilə həyata keçirilən tədbirlərin artıq ənənə halını aldığını bildirmişdir. Təmizliyin qorunmasında ən vacib və məsuliyyətli vəzifənin məhz ictimaiyyətin üzərinə düşdüyünü deyən şöbə müdiri qeyd etmişdir ki, gənclərin ətraf mühitin qorunmasında fəallığı çox sevindirici haldır.
O.Məmmədov bildirmişdir ki, gələcəkdə gəncləri ekoloji ideyalar ətrafında birləşdirən tədbirlərin daha sıx keçirilməsi nəzərdə tutulur.
Tədbir iştirakçıları gənclər arasında ekoloji maarifləndirmə işlərinin gücləndirilməsinə və bu cür aksiyaların davamlı olması üçün digər gənclərin də cəlb olunmasına dəstək verəcəklərini bildirmişlər.
Aksiya çərçivəsində Xəzər rayonunda yerləşən çimərlik boyu ərazi məişət tullantılarından təmizlənmiş və toplanmış tullantılar Balaxanı poliqonuna daşınmışdır.