BALAKƏN AVİASİYA MƏRKƏZİNDƏ SİLAHLI QÜVVƏLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ BAYRAM TƏDBİRİ
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurası gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində yerinə yetirdiyi tədbirlər proqramı çərçivəsində iyunun 24-də Balakən Aviasiya Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələr gününə həsr edilmiş bayram tədbiri keçirmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bayram tədbirini giriş sözü ilə açan Respublika Şurasının sədri polkovnik Novruzəli Orucov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Milli Ordunun yaradılması, möhkəmləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi sahəsində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışmışdır. O, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması işini daim diqqət mərkəzində saxlayan, ordu və digər sahələr üçün mütəxəssislər - paraşütçülər, desantçılar, sürücülər hazırlayan KHVTİC-nin hazırda Milli Ordunun ən yaxın köməkçilərindən biri olduğunu xüsusi vurğulamışdır. Məlumat verilmişdir ki, son dövrlərdə cəmiyyətin xətti ilə Balakəndə Aviasiya Mərkəzi, Sumqayıt, Mingəçevir, Şirvan, Salyan, Xaçmaz və Zaqatala şəhərlərində yeni avtodromlar, respublikanın şəhər və rayonlarında 30-a yaxın pnevmatik atıcılıq tiri istifadəyə verilmişdir.
Tədbirdə Respublika Hərbi Komissarının müavini Rövşən Əlvəndov, Balakən rayon təhsil şöbəsinin müdiri Seyfullah Kərimov və digər natiqlər çıxış edərək Milli Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, KHVTİC-nin fəaliyyətinə uğurlar arzulamışlar.
Daha sonra Balakən Aviasiya Mərkəzinin və texniki idman klublarının yetirmələri öz məharətlərini göstərmişlər. AN-2 təyyarəsində havaya qalxan on beşə yaxın həvəskar idmançı-paraşütçü 1200 metr hündürlükdən əvvəlcədən nişanlanmış hədəf nöqtəsinə dəqiq və qısa müddətdə tullanmaq uğrunda yarışmışlar. Sonra Balakən Aviasiya Mərkəzinin rəisi Məhyəddin Süleymanov cəmiyyətin öz qüvvəsi ilə yenicə təmir edilmiş “YAK-52” təlim-məşq təyyarəsində havaya qalxaraq, mürəkkəb uçuş hərəkətləri yerinə yetirmişdir. Təyyarəçinin məharəti mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbirdə üzərində ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin portretləri olan aerostat-hava şarı da nümayiş etdirilmişdir.
Tədbirin sonunda KHVTİC Respublika Şurasının sədri polkovnik Novruzəli Orucov yeniyetmə və gənclərin hərbi vətənpərvərlik işində fərqlənən bir qrup hərbçiyə cəmiyyətin yenicə təsis etdiyi medalları, habelə yarışda fərqlənən paraşütçü-idmançılara fəxri fərman və pul mükafatlarını təqdim etmişdir.
######
![]() |
![]() |

