Balakənli fermerlər eyni sahədən ildə iki dəfə məhsul götürürlər
Balakən, 15 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakənli fermerlər artıq dördüncü ildir ki, taxıl biçini başa çatdıqdan sonra təsərrüfatlarında təkrar əkin aparırlar. Cari təsərrüfat ilində rayonda 300,5 hektar sahədə dən üçün təkrar qarğıdalı, 30 hektarda isə günəbaxan əkilib. Torpaq mülkiyyətçiləri cari mövsümdə təkrar əkin aparılmış sahələrdən 1500 ton dən qarğıdalı, 75 ton günəbaxan əldə ediblər. Qarğıdalı sahələrinin hər hektarından 49,9 sentner, günəbaxan sahələrindən isə 25 sentner məhsul götürülüb.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il rayonda 70 fermer öz təsərrüfatında təkrar əkin aparıb: “Son illər rayonda təkrar əkinlərə maraq artıb. Bu da təsadüfi deyil. Təkrar əkinlər fermerlər üçün il ərzində ikinci dəfə subsidiya almaq imkanı, əlavə gəlir, həmçinin torpaqdan səmərəli istifadə deməkdir”.
Qurum rəsmisinin sözlərinə görə, rayonun fermerləri əsasən dənlik qarğıdalı əkininə üstünlük verirlər.
Püştətala kəndindən fermer Cəbrayıl Alqayev bu il 6 hektar təkrar qarğıdalı sahəsindən 35 ton məhsul götürüb. Hər hektardan məhsuldarlıq 58 sentner olub. Qullar kəndindən İbrahim Ağcayev isə bu il 10 hektar sahədən 45 ton məhsul əldə edib.
Qeyd edək ki, təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 100 manat subsidiya ödənilir. Təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislərin sözlərinə görə, payızlıq taxıl biçini başa çatdıqdan sonra sahələr yeni əkinə qədər bir neçə ay boş qalır. Bu müddətdə vegetasiya müddəti qısa olan bitkilərdən istifadə etməklə əlavə, ikinci məhsul almaq mümkündür. Məhsul istehsalını artırmaq, həmçinin mal-qaranın yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır. Ölkə üzrə təkrar əkin sahələrinin hər hektarından 350-400 sentner yaşıl kütlə və ya 40-50 sentner dən qarğıdalı əldə etmək mümkündür.