CƏMİYYƏT
Baş Prokurorluq Bərdə rayon sakininin müraciəti ilə bağlı məlumat yayıb
Bakı, 21 aprel, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Bərdə rayon sakini Talıbov Orxan Telman oğlunun avtomobil qəzası nəticəsində aldığı xəsarətlə bağlı keçirdiyi əməliyyat zamanı həkim tərəfindən səhlənkarlığa yol verilməsi səbəbindən ayağında qüsurun yaranması, həmin faktla əlaqədar Bərdə Rayon Prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluq qeyd edilənlərlə bağlı bildirir ki, Orxan Talıbovun müraciəti üzrə hazırda Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri izahatların alınması təmin edilir, həmçinin müraciət müəllifi Orxan Talıbovun ayağının əməliyyatı zamanı tibbi personalın hər-hansı səhvinin olub-olmamasını müəyyən etmək məqsədilə komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.
Ekspertizanın rəyinə və digər toplanmış sübutlara əsasən, cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcək.