SİYASƏT
Batumi Dövlət Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb
Batumi, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulluğu tərəfindən tədbir keçirilib.
Tədbir Ümummilli Liderin konsulluqda yerləşən büstü önünə əklilin qoyulması və xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Baş konsul Rəşad İsmayılov konsulluğun binasında Batumi Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə təhsil alan 30 nəfərədək tələbəsi ilə görüşüb, onlara Heydər Əliyevin Azərbaycan tarixindəki parlaq ictimai-siyasi fəaliyyəti barədə məlumat verib.
Sonra Şota Rustaveli adına Batumi Dövlət Universitetində Ümummilli Liderin adını daşıyan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub.
Mərasimdə baş konsul Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində göstərdiyi xidmətləri xatırladıb və məhz onun səyləri nəticəsində Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğunu qeyd edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin üzləşdiyi problemlərin həllində, möhkəm iqtisadi inkişafın əsasının yaradılmasında və tarazlaşdırılmış xarici siyasət kursunun təyin edilməsində Heydər Əliyevin əvəzsiz rolunu vurğulayan diplomat onun tərəfindən əsası qoyulan inkişaf strategiyasının Azərbaycanı regionun lider ölkəsinə çevirdiyini qeyd edib.
Baş konsul Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil, mədəniyyət, humanitar və digər əlaqələrə dair konfrans və sərgilərin keçirilməsi, universitetin tələbələrinin Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaları baxımından son dərəcə vacib olduğunu bildirib.
Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Aftandil Beridze çıxış edərək əfsanəvi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıb.
Tədbirdə Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman naziri Qiya Tavamaishvili, dövlət və hökumət rəsmiləri, Batumi şəhərinin meri Georgiy Yermakov, Batumi Dövlət Universitetinin rektoru, Türkiyə və İranın baş konsulluqlarının, “SOCAR-Georgia Petroeum” şirkətinin əməkdaşları, ziyalılar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Tədbir “Ajara TV” telekanalında nümayiş olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi