SİYASƏT
Bayraq milli qürurumuz, kimliyimiz, vüqarımızdır
![Bayraq milli qürurumuz, kimliyimiz, vüqarımızdır](/files/2013/3/1200x630/14071451133390214122_1200x630.jpg)
Naxçıvan, 6 noyabr (AZƏRTAC). Milli Bayraq Günü münasibətilə Naxçıvan Dövlət Universitetində (NDU) tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, NDU-nun Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunan mərasim Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağının təntənəli şəkildə salona gətirilməsi ilə başlamışdır.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Universitetin rektoru Saleh Məhərrəmov bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyunun 24-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq dövlət bayrağı kimi qəbul olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilmişdir. Rektor bildirmişdir ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılmışdır. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə yadda qalmışdır. Natiq Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli Fərmanına əsasən hər il 9 noyabrın “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da Ulu Öndərin yolunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır.
Mərasimdə incəsənət fakültəsi tələbələrinin iştirakı ilə bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonda dövlət bayrağı haqqında film nümayiş olunmuşdur.