BBVB VALYUTA BÖLMƏSİNİN YANVAR DÖVRİYYƏSİNİN 80 FAİZİ ELEKTRON HƏRRACLARIN PAYINA DÜŞÜR
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladığı əqdlərə görə birja valyuta bazarının lider bankları sırasına Azərbaycan Beynəlxalq Bankı, “Əmrahbank” kommersiya bankı, Birləşmiş Universal Səhmdar Bankı (BUSB), “Rabitəbank” kommersiya bankı və “Respublika” səhmdar-kommersiya bankı daxil olmuşlar.
BBVB-nin ABŞ dolları üzrə hərraclarında 2004-cü ildə cəmi 29 bank iştirak etmişdir. Ötən ay ərzində 20 hərrac sessiyası keçirilmiş, 240 əqd bağlanmışdır. Birjanın valyuta bölməsində yanvar ayında ABŞ dolları üzrə keçirilmiş hərracların ümumi həcmi 316 milyard 300 milyon manat və ya 64,178 milyon ABŞ dolları təşkil etmişdir. Yanvarda keçirilmiş hərracların ümumi həcminin 51,223 milyon ABŞ dolları və ya 80 faizi BEST elektron sistemində bağlanmış əqdlərin payına düşür. AZM-in ABŞ dollarına nisbətinin orta hesablanmış məzənnəsi yanvarda 1 USD üçün 4928,48 manat təşkil etmişdir. 2003-cü ilin dekabr ayında isə bu göstərici 4920,98 manata bərabər olmuşdu.
Yanvar ayında BEST-də Rusiya rublu (RUR) üzrə əqdlərin həcmi 976 milyon manat təşkil etmişdir.