BDU-da elmi-praktik seminar: Narkotik haqqında həqiqətləri öyrənək
Bakı, 7 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə “Narkotik haqqında həqiqətləri öyrənək” mövzusunda Respublika elmi-praktik seminar keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” ilə əlaqədar təşkil olunub.
Hüquq fakültəsinin dekanı Əmir Əliyev mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əsas istiqamətlərdən biri də təhsil müəssisələrində yeniyetmə və gənclərin məlumatlandırılması üçün davamlı olaraq maarifləndirmə işlərinin aparılması, onların antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır.
Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova deyib ki, artıq üçüncü dəfədir 2020-2021-ci tədris ilində BDU-da müvafiq Dövlət Proqramı ilə əlaqədar elmi-praktik seminar təşkil olunur.
O, Hüquq fakültəsində magistratura səviyyəsinin transmilli cinayət hüququ ixtisaslaşmasında “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə” əsas fənlərdən biri olaraq tədris edildiyini bildirib.
Sonra vebinarda Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev “Psixoaktiv maddə asılılığının yaranma səbəbləri və aradan qaldırılması yolları”, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev “Azərbaycan gəncliyi narkotiklərə yox deyir”, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşı Nadir Məmmədov “Müasir dövrdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə polis orqanlarının rolu”, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının əməkdaşları Aynurə Musayeva “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə cinayət-hüquqi mübarizənin istiqamətləri” və Orxan Aslanov “Latın Amerika ölkələrində narkomaniya və narkotizmlə mübarizə: Kolumbiya və Meksika təcrübəsi” mövzusunda çıxış ediblər.
Məruzəçilər narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, narkomanlığın ilkin profilaktikası, qüvvədə olan cinayət qanunvericiliyinin təkmilləşdirilməsi, xarici dövlətlərin qanunvericilik təcrübəsi və s. məsələlər haqqında danışıblar.
Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Məleykə Bayramova gənc hüquqşünaslara müraciət edərək, onları antinarkoloji təbliğat və maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin fəal iştirakçıları olmağa çağırıb.