BDU-nun alimləri “Ermənistan Respublikası ərazisində Azərbaycan mənşəli hidronimlər xəritəsi”ni tərtib ediblər
Bakı, 30 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının əməkdaşları Qərbi Azərbaycan ərazisində yerləşən 113 hidronim (107 çay, 4 göl, 1 bulaq və 1 su kanalı) adlarının dəyişdirilməsi ilə bağlı elmi tədqiqatlar aparıb və yekun olaraq 1:500 000 miqyasında “Ermənistan Respublikası ərazisində Azərbaycan mənşəli hidronimlər xəritəsi”ni tərtib ediblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Qeyd olunub ki, Ermənistanın təcavüzkar siyasəti təkcə azərbaycanlıların öz doğma ata-baba yurdundan qovulması, etnik təmizləmə prosesi ilə bitmir, ermənilər, həmçinin tarixi saxtalaşdırmaq, həmin ərazilərdə azərbaycanlılarla bağlı izləri itirmək kimi məkrli niyyətlərini həyata keçirirlər. Azərbaycan toponimləri - fiziki-coğrafi obyektlər, yaşayış məntəqələri və digər coğrafi vahidlərin Azərbaycan dilində tarixən mövcud olmuş adları dəyişdirilərək erməniləşdirilir.
Tədqiqat işlərinin yerinə yetirilməsi və xəritənin tərtib edilməsində erməni və rus müəlliflərinin Yerevan və Moskva şəhərlərində nəşr olunmuş elmi əsərləri, keçmiş SSRİ Dövlət Su Kadastrının məlumat kitabları, Ermənistan ərazisinin xəritələri və digər mənbələrdən istifadə edilib.
Araşdırmalardan məlum olub ki, hidronimlərin ilkin adlarının böyük əksəriyyəti Azərbaycan-türk mənşəlidir. Erməni mənbələrində bu adların bir qismi təhrif olunmuş şəkildə, digər qismi bütövlükdə erməni dilinə tərcümə ilə verilib, mürəkkəb çay adlarının ümumi isim hissəsi isə erməni dilində terminlərlə əvəzlənib ( “qet”- çay, “ jur” - su, “dzor” - dərə və s.).