BDU tələbələri “Qədim yurd yerimiz – Qərbi Azərbaycan” adlı kitab sərgisində
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Qədim yurd yerimiz - Qərbi Azərbaycan” kitab sərgisində iştirak ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Milli Kitabxananın direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova tələbələrə Qərbi Azərbaycanın tarixi, mahalları, əhalisi barədə ətraflı məlumat verib. Qeyd edib ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımız dəfələrlə deportasiyaya məruz qalıb, öz yurd yerlərindən didərgin düşüb, minlərlə insan vəhşicəsinə qətlə yetirilib. Tələbələr Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə məlumatlandırılıb. İcma tərəfindən təsdiq edilmiş “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nda yer almış prioritetlər şərh olunub. Bildirilib ki, sərginin keçirilməsində məqsəd qədim yurd yerlərimiz haqqında sənədlərin, tarixi məlumatların, elmi araşdırmaların yer aldığı kitabların təbliği, Azərbaycan həqiqətlərinin tanıdılmasıdır.
“Qədim yurd yerimiz - Qərbi Azərbaycan” kitab sərgisi ilə tanışlıq tələbələrdə böyük təəssürat yaradıb, Milli Kitabxananın əməkdaşları tərəfindən onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, sərgidə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan xanlığı, Göyçə, Dərələyəz, Vedibasar, Ağbaba, Zəngəzur, Zəngibasar mahalları və digər tarixi torpaqlarımız haqqında müxtəlif mövzularda kitablar nümayiş olunur.