COP29
“Belarus seqodnya”: COP29 iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərdə mühüm mərhələ olacaq
Bakı, 11 noyabr, AZƏRTAC
Belarusun “Belarus seqodnya” nəşriyyat evinə məxsus nüfuzlu sb.by saytında “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin “COP29 çərçivəsində Bakıda “yaşıl iqtisadiyyat” məsələləri müzakirə olunacaq” adlı məqaləsi dərc edilib. Məqalə Bakıda başlayan COP29 qlobal tədbirinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Bakıda keçirilən COP29-un iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərdə mühüm mərhələ olacağı vurğulanır. Bildirilir ki, bu konfrans Azərbaycanın qlobal ekoloji gündəlikdə fəal iştirakçı və dünya miqyaslı əhəmiyyətli tədbirin təşkilatçısı kimi rolunu diqqətə çatdırır. COP29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal iqlim problemlərinin həllinə töhfə verməyə, ətraf mühitin qorunması və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün səylərin birləşdirilməsinə hazırlığını simvolizə edir. COP29-da aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların iştirakı bu tədbirə xüsusi məna verir və iqlim dəyişmələrinə qarşı mübarizədə kollektiv səylərin vacibliyini nümayiş etdirir.
Məqalədə qeyd olunur ki, Azərbaycan COP29-un keçirilməsinə fəal hazırlaşıb və tədbirlərin əlaqələndirilməsi üçün Təşkilat Komissiyası yaradıb. Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edərək, ölkənin dayanıqlı gələcəyin yaradılmasına və qlobal ekoloji gündəliyə fəal dəstək vermək səylərini vurğulayıb. Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının tullantılarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağa, həmçinin günəş, külək və hidroenerji də daxil olmaqla, bərpaolunan enerji mənbələrini fəal inkişaf etdirməyə çalışır. Ölkə "yaşıl iqtisadiyyata" keçidə can ataraq ekoloji məqsədlərə sadiqliyini nümayiş etdirir.
Aparıcı dünya dövlətləri COP29-da fəal iştirak edir, qlobal ekoloji problemlərin həllində öz rollarını təsdiqləyirlər. Bu ölkələrin kollektiv səyləri iqlim məqsədlərinə və dayanıqlı inkişafa nail olmaq üçün əməkdaşlığın vacibliyini vurğulayır. Belarus ekoloji təmiz dünyanın təşviqi sahəsində liderlərdən biri kimi tanınıb və Ekoloji Səmərəlilik İndeksində (EPI) yüksək mövqe tutur. Prezident Aleksandr Lukaşenkonun COP29-da iştirakı Belarusun qlobal iqlim məqsədlərinə sadiqliyini diqqətə çatdırır və ekoloji gündəliyin ölkə üçün əhəmiyyətini təsdiqləyir.
Məqalənin sonunda bildirilir ki, Azərbaycan və Belarus ekoloji problemlərin həllinə mühüm töhfə verərək, dayanıqlı inkişafa sadiqliklərini nümayiş etdirirlər.