SİYASƏT
Belarusda beynəlxalq müsabiqə keçiriləcək
Minsk, 15 fevral, AZƏRTAC
Belarus Respublikası Gənclər İttifaqının (BRGİ) mətbuat xidmətindən bildirilib ki, aprel ayında Minskdə “MDB üçün 100 ideya” beynəlxalq müsabiqəsi keçiriləcək. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, BRGİ-nin “Belarus üçün 100 ideya” layihəsi təkcə Belarusda deyil, beynəlxalq səviyyədə də böyük maraq doğurur. Aprel ayında Belarus paytaxtı ilk dəfə “MDB üçün 100 ideya” beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək.
Respublika miqyasında “Belarus üçün 100 ideya” müsabiqəsinin finalı bu gün, fevralın 15-də keçirilir. İnteraktiv sərgiyə istehsalın sənaye texnologiyaları, təbabət, robot texnikası, mobil texnologiyalar, milli təhlükəsizlik, aqrar-sənaye, informasiya-kommunikasiya və aviakosmik texnologiyalar sahələrinə aid 100-dən çox layihə daxildir. Müəllif layihələrinin təqdimatı startaplar formatında keçiriləcək. Ənənəyə görə, elm, biznes və təhsil nümayəndələrinin, uğurlu gənc sahibkarların və beynəlxalq ekspertlərin daxil olduğu respublika ekspert şurası ən yaxşı 10 müəllif işini seçəcək.
BRGİ-nin təşəbbüsü ilə həyata keçirilən “Belarus üçün 100 ideya” layihəsi istedadlı gənc ixtiraçıları və novator alimləri aşkar etməyə yönəlmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk