Belçika Azərbaycanlıları Federasiyası beynəlxalq qurumlardan Ermənistana təzyiq göstərilməsini tələb edib
Bakı, 20 sentyabr, AZƏRTAC
Belçikada yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Belçika Azərbaycanlıları Federasiyasının sədri Rəşad İbrahimovun adından yayılan bəyanatda sentyabrın 12-də törədilən hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Belçikadakı Azərbaycan icmasının beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh danışıqları prosesinə məhz Ermənistanın hər vəchlə mane olmağa çalışdığı göz önündədir. Rəsmi İrəvandan fərqli olaraq, Azərbaycan dövləti Cənubi Qafqaz regionunda sülhün bərqərar olması, erməni işğalından azad edilmiş ərazilərdə normal həyata qayıdışın təmin edilməsi istiqamətində ciddi və böyük səylər göstərir.
Belçika Azərbaycanlıları Federasiyası beynəlxalq qurumlardan Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana güclü təzyiqlər göstərilməsini və əməli addımlar atılmasını tələb edib.