REGİONLAR
Bələdiyyə seçkiləri: Cənub bölgəsində seçicilər bələdiyyə üzvlərini seçirlər VİDEO












Lənkəran, 29 yanvar, İlkin Adıyev, AZƏRTAC
Ölkəmizin digər bölgələrində olduğu kimi, cənub bölgəsində də seçicilər bələdiyyə üzvlərini seçmək üçün məntəqələrə gələrək səs verirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səsvermə prosesi Lənkəran şəhərində də yüksək əhvali-ruhiyyə ilə başlayıb. 77 saylı Lənkəran seçki dairəsinin 24 saylı seçki məntəqəsinin sədri İlqar Paşayev bildirib ki, məntəqə üzrə 855 seçici qeydiyyata alınıb. Hazırda seçicilər məntəqəyə gələrək səs vermək hüququndan istifadə edirlər.
Cənub bölgəsi üzrə seçki dairələrinin əhatə etdiyi digər seçki məntəqələrində də səsvermə mütəşəkkilliklə davam edir.
Qeyd edək ki, ölkə üzrə 08:00-da başlayan səsvermə prosesi saat 19:00-da başa çatacaq. Səsvermə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində keçirilir. 16 min 92 namizədin mübarizə apardığı səsvermədə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkiləri izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.
Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də keçmiş məcburi köçkün vətəndaşlar var.