QAN YADDAŞI
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı soyqırımı ilə bağlı videoçarx hazırlayıb VİDEO
Belqrad, 24 fevral, AZƏRTAC
Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Serbiyadakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə videoçarx hazırlayıb. Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunan videoçarxda serbiyalı opera müğənnisi Nataşa Yoviç və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad Universiteti İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə “Elegiya” əsərini ifa edirlər.
Videoçarxda, həmçinin 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulduğu, 1000-dən çox dinc sakinin ağır yaralanaraq əlil olduğu, 1275 nəfərin girov götürüldüyü, onların 150-nin taleyinin indiyədək məlum olmadığı vurğulanır.
Videoçarx Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının loqosunun və saytının ünvanının qeyd olunması ilə bitir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad