Bərdə rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
Bərdə, 11 mart, AZƏRTAC
Bərdə rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Konfransda Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanovun hesabat-məruzəsi dinlənilib. O Şuranın hesabat dövründə gördüyü işlərdən, əldə edilən nailiyyətlərdən danışıb, bundan sonra da ölkəmizdə, o cümlədən rayonda aparılan inkişaf proseslərinin, görülən işlərin təbliğində fəal olacaqlarını bildirib.
Tədbirdə Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Konfransda həmçinin rayon Ağsaqqallar Şurasının sədri və müavinləri, İdarə Heyəti, Təftiş komissiyasının tərkibi və üzvlərinin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Yaşar Zamanov yenidən rayon Ağsaqqallar Şurasının sədri seçilib.