Bərdədə sanitar qaydalara əməl etməyən günəbaxan tumlarının emalı müəssisəsi aşkarlanıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Bərdədə fəaliyyət göstərən günəbaxan tumlarının emalı müəssisəsində gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi faktları aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, AQTA-nın istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirdiyi nəzarət tədbirləri çərçivəsində Bərdə rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Zaur Abuzər oğluna məxsus günəbaxan tumlarının emalı müəssisəsində yoxlama aparılıb.
Baxış zamanı sexdə qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən edilib.
Belə ki, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsul çeşidlənməsinin avadanlıqlarla yanaşı, əllə də həyata keçirildiyi, təmizliyə nəzarət edilmədiyi, anbarda məhsulların divara bitişik halda saxlanıldığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istehsal edilən məhsulun etiket göstəricilərinin (qida və enerji dəyəri) normativ sənədə uyğun gəlmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.