BƏRDƏDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI
Həmin gün ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsinin təntənəli açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Memar Natiq Əliyevin müəllifi olduğu və qranitdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 5 metrdir.
Dövlətimizin başçısı abidənin üzərindən ağ örtüyü götürdü, heykəlin önünə gül dəstəsi qoydu.
Prezidentin xanımı Mehriban Əliyeva və qızı Leyla da abidənin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev abidəni və ətrafda salınmış Heydər Əliyev parkını seyr etdi. İki hektar ərazisi olan və şəhərə xüsusi yaraşıq verən bu istirahət guşəsində insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılmışdır.