SİYASƏT
Berlində “Bakılı” klubunun fəaliyyətə başlamasının səkkizinci ildönümü qeyd edilib
Berlin, 24 noyabr, Vüqar Seyidov, AZƏRTAC
Berlində fəaliyyət göstərən “Bakılı” klubunun yaradılmasının səkkizinci ildönümü ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə tədbir keçirilib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə Berlinin tarixi Mərkəzi Sinaqoqunun “Mifqaş” zalında keçirilən tədbirdə əvvəlcə ölkəmizin dövlət himni səsləndirilib.
Tədbiri açan “Bakılı” klubunun sədri Elmira Əşrəfova verdiyi dəstəyə görə Azərbaycanın səfirliyinə, Berlin yəhudi icmasına və AAKM-ə təşəkkürünü bildirib.
Berlin Yəhudi İcmasının idarə heyətinin sədri Gideon Yoffe əlamətdar gün münasibətilə klub üzvlərini təbrik edib. Respublikamızda yəhudilərin mehribanlıq şəraitində yaşamasının artıq bütün dünyada bilindiyini qeyd edən G.Yoffe vurğulayıb ki, Azərbaycan “antisemitizm”in olmadığı ölkələrdən biridir.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun təbriklərini tədbir iştirakçılarına çatdıran səfirliyin birinci katibi Fikrət Axundov “Bakılı” klubunun fəaliyyətini yüksək dəyərləndirib.
AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova Azərbaycanın və xüsusilə də paytaxt Bakının tarixən multikulturalizmin beşiyi olduğunu, Azərbaycan və yəhudi icmalarının hətta ölkəmizdən kənarda da mövcud mehriban dostluq münasibətlərindən danışıb, klub üzvlərinə təbriklərini çatdırıb.
Tədbirdə yəhudi icmasının Berlindəki inteqrasiya şöbəsinin rəhbəri Xannelore Altman, Almaniya paytaxtında fəaliyyət göstərən “Moskva”, “Odessa”, “Kiyev” və digər klubların nümayəndələri “Bakılı”nın fəaliyyəti və ümumiyyətlə ölkəmiz haqqında xoş sözlər söyləyiblər.
Sonra Berlin Azad Universitetinin dosenti Rüfət Səttarov “Azərbaycan - İsrail: tarix, siyasət və mədəniyyət” mövzusunda məruzə ilə çıxış edib. Konkret faktlarla Azərbaycan-İsrail münasibətlərinin qədim tarixindən danışan A.Səttarov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq ideologiyasının bu gün uğurla davam etdirilməsi nəticəsində iki ölkə arasında münasibətlərin inkişaf etdiyini bildirib.
Tədbirdə Bakı Musiqi Akademiyasının məzunları - Berlində yaşayan musiqiçilər Alina və İlya Levinskilər Azərbaycan və yəhudi mahnılarını ifa ediblər.
İştirakçılar Azərbaycan musiqisinin sədaları altında milli mətbəximizin ləziz nümunələrindən dadıblar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin