BERLİNDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Bahəddin Qaya mərasimi giriş sözü ilə açaraq Xocalı faciəsi barədə məruzə etmişdir.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Xocalı soyqırımı barədə geniş nitq söyləmiş, diqqəti faciə ərəfəsində baş verən hadisələrə yönəltmiş, qırğının dəhşətlərindən, ümummilli lider Heydər Əliyevin qətliama siyasi-hüquqi qiymət verilməsi ilə bağlı gördüyü işlərdən, ermənilərin vəhşiliklərinin dünya mətbuatında işıqlandırılmasından danışmışdır. Səfir, həmçinin Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində atdığı addımlar barədə ətraflı məlumat vermişdir.
Türkiyənin Berlindəki baş konsulu Əhməd Bəy, Potsdam Universitetinin müəllimi Aydın Sultanov və başqaları mərasimində çıxış edərək, Xocalı faciəsini törədənlərin cəzalandırılmasını tələb etmişlər.
Xatirə mərasiminin keçirildiyi salonda Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər asılmış, burada soyqırımı haqqında yazılmış kitablar nümayiş etdirilmişdir. Mərasim iştirakçılarına qanlı faciə barədə alman dilində vərəqələr paylanmış, şəhidlərimizin xatirəsinə ehsan verilmişdir.
Tədbirdə Almaniyanın siyasi və ictimai dairələrinin, o cümlədən Almaniya Kansler İdarəsinin və Berlin Senatının rəsmiləri, səfirliyin bütün əməkdaşları, Türkiyənin diplomatik missiyasının işçiləri, yerli türk və Azərbaycan cəmiyyətlərinin üzvləri, Berlində təhsil alan tələbələrimiz, işləyən müəllimlərimiz iştirak etmişlər.
Türkiyənin TRT kanalı, Almaniyanın TD1 türk-alman birgə telekanalı tədbirdən çəkilişlər aparmışlar.