BERNAMA agentliyi Azərbaycan səfirinin Malayziya Kralına təbrik məktubunun mətnini yayıb
Kuala Lumpur, 8 iyun, AZƏRTAC
Malayziyanın nüfuzlu BERNAMA agentliyi Azərbaycanın bu ölkədəki səfiri, eyni zamanda Malayziyada akkreditə olunmuş diplomatik korpusun duayeni Qaley Allahverdiyev tərəfindən Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha ad günü münasibətilə göndərilmiş təbrik məktubunun mətnini yayıb.
AZƏRTAC xəbər verir ki, Malayziyadakı diplomatik korpus adından ünvanlanmış məktubda Azərbaycan diplomatı bu əlamətdar gündə Ali Başçıya (Yang di-Pertuan Agong) səmimi təbriklərini çatdırıb, Əlahəzrət Kralın müdrik rəhbərliyi altında Malayziya xalqına əmin-amanlıq və rifah arzulayıb.
Həmçinin səfir Q.Allahverdiyev Malayziyanın regional və beynəlxalq miqyasda önəmli rol oynamaqda davam etdiyini bildirərək, Malayziyanın əldə etdiyi uğurlarının diplomatik korpusdakı bütün həmkarları tərəfindən alqışlandığını bildirib.
Qeyd edək ki, səfir Q.Allahverdiyev Malayziyadakı diplomatik korpusun duayeni vəzifəsinə ötən il noyabrın 7-də təyin olunub. Hazırda Malayziyada rezident (102) və qeyri-rezident (48) olmaqla 150 ölkənin səfirlik və ali komissarlığı, eləcə də Avropa İttifaqının nümayəndəliyi fəaliyyət göstərir. Bundan başqa, ölkənin müxtəlif ştat və şəhərlərində ümumilikdə 82 baş konsulluq, konsulluq və fəxri konsulluq institutları diplomatik təmsilçilik işini həyata keçirir. Həmçinin Malayziyada 27 müxtəlif beynəlxalq təşkilatın baş, yaxud regional qərargahı akkreditə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur