CƏMİYYƏT
Bəxtiyar Əliyev: Döyüş əməliyyatlarının iştirakçılarına sosial dəstək dövlət siyasətinin əsas prioritetlərindəndir


Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə 3 oktyabr tarixinin Azərbaycan xalqının həyatında əlamətdar hadisə kimi yadda qaldığını deyib. Ulu Öndər Heydər Əliyevin 30 il əvvəl həmin gün hakimiyyətə qayıdışının Azərbaycanın qurtuluşu və bugünkü uğurlarımızın təməli olduğunu qeyd edən B.Əliyev bildirib ki, əsası Ümummilli Lider tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra komitənin sədri gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə danışan komitə sədri təklif olunan dəyişikliklərin mahiyyət etibarilə ölkəmizdə fəaliyyət göstərən ödəniş xidmətləri və ödəniş sistemlərinin təkmilləşdirilməsini nəzərdə tutduğunu bildirib. O, qanunlara təklif olunan dəyişikliklərlə bağlı fikirlərini səsləndirib, sənəddə qeyd olunan “Elektron imza və elektron sənəd haqqında” Qanuna təklif olunan dəyişiklikləri şərh edib.
Gündəliyin ikinci məsələsi - “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən Bəxtiyar Əliyev qanun layihəsinin Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısının göstərişləri və sərəncamları əsasında bu kateqoriyadan olan vətəndaşlara göstərilən dövlət qayğısından danışan komitə sədri deyib: “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə sosial dəstək tədbirləri dövlət siyasətinin əsas prioritetlərindən olduğu üçün təklif olunan dəyişiklikdə məhz bu kateqoriyadan olan “Müharibə veteranı” adı almış şəxslərin də dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur”.
Qanun layihələrinin müzakirələrində komitə sədrinin müavini Musa Qasımlı, deputatlar Etibar Əliyev, Ceyhun Məmmədov və Anar İsgəndərov çıxış edərək sənədlərdə təklif olunan dəyişiklikləri dəstəkləyərək qeydlərini bildiriblər.
Deputatlar müzakirəyə çıxarılan qanun layihələrini baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.